Yevlaxda “İslam həmrəyliyi və müasirlik” mövzusu müzakirə edilib
27 iyul 2017, 06:41
İyulun 27-də Yevlax rayon Yenicə kənd məscidi dini icması tərəfindən “Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir” layihəsi çərçivəsində “İslam həmrəyliyi və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşı Fuad Şirinov, Yevlax rayon Yenicə kənd məscidi dini icmasının sədri Tofiq Mustafayev, din xadimləri, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri Yevlax rayon Yenicə kənd məscidi dini icmasının sədri Tofiq Mustafayev açaraq dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib, o cümlədən bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Tarixən ölkəmizdə istər dini, istərsə də məzhəb baxımından heç bir qarşıdurma baş vermədiyini bildirən icma sədri Azərbaycan həmrəyliyi və tolerantlığı modelinin dünyada nümunə olduğunu qeyd edib. 
Mövzu ilə bağlı çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti və nəticələri barədə məlumat verib. Bununla yanaşı Natiq Əfəndiyev, tarixin bütün dövrlərində, o cümlədən müasir dünyamızda müsəlman dünyasının ehtiyac duyduğunu İslam həmrəyliyinin Azərbaycanda tarixən mövcud olduğunu və hazırda da dünyaya uğurla təqdim edildiyini  vurğulayıb. 
Qeyd edək ki, maarifləndirmə tədbiri Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.