VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiya keçirilir
28 oktyabr 2026, 14:16

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş "Bakı Prosesi" qlobal təşəbbüsünün 15 illik yubileyi çərçivəsində Bakı şəhəri növbəti nüfuzlu tədbirə evsahibliyi edir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, İSESKO və BMT Turizm Təşkilatı ilə tərəfdaşlıq şəraitində təşkil olunan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu il “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” şüarı altında keçirilir.

Forum çərçivəsində oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) birgə təşkilatçılığı ilə “Dinlərarası dialoq: ortaq gələcəyə yol xəritəsi” adlı sessiya başlayıb. BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saadın moderatorluğu ilə baş tutan sessiyada dini dəyərlərə əsaslanan fəaliyyət və mənəvi diplomatiyanın sülhə, həmrəyliyə aparan yolları müzakirə olunur.

Tədbirin açılış mərasimində BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos  çıxış edərək dinlərarası dialoqun gücləndirilməsi, ayrı-seçkiliyə qarşı mübarizə və insan ləyaqətinin qorunmasının vacibliyini vurğulayıb. Dini liderləri müxtəlif dinlər və inanclar arasında ortaq dəyərləri önə çəkməyə, dindən müharibə, zorakılıq və ekstremizm məqsədilə sui-istifadə hallarının qarşısını almaq üçün birgə fəaliyyət göstərməyə çağırıb. O qeyd edib ki, dialoq yalnız ilk addımdır, davamlı sülh üçün qarşılıqlı hörmət, birgə fəaliyyət və ortaq gündəmin formalaşdırılması zəruridir.

BMT Baş katibinin müavini islamofobiya və antisemitizmlə mübarizənin fərdi hüquqların, bərabərliyin və insan ləyaqətinin müdafiəsi ilə birbaşa bağlı olduğunu diqqətə çatdırıb. Süni intellekt və yeni texnologiyalar dövründə insan hüquqları və ümumbəşəri dəyərlərin qorunmasının əhəmiyyətini vurğulayaraq, dini liderlərin və inanclı insanların bu istiqamətdə birgə səylərinin əhəmiyyətinə toxunub. Moratinosun sözlərinə görə, münaqişələrin və radikalizmin qarşısının alınması üçün dinlərarası əməkdaşlıq və davamlı birgə fəaliyyət gücləndirilməlidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanın tarixən sivilizasiyaların qovuşduğu məkan olduğunu,  dinlərarası dialoq, multikulturalizm və dini dözümlülüyün təşviqində mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikası ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında uzun illərə söykənən əməkdaşlıq qarşılıqlı anlaşmanın, dini və mədəni müxtəlifliyə hörmətin təşviqinə mühüm töhfə verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” çərçivəsində ölkəmizdə bir sıra nüfuzlu beynəlxalq tədbirlər keçirilib. Qeyd olunub ki, Azərbaycan 2027-ci ildə növbəti UNAOC Qlobal Forumuna ev sahibliyi edəcək.

Dövlət Komitəsinin sədri islamofobiya, antisemitizm, dini dözümsüzlük, ksenofobiya və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və birgə səylərin vacibliyini diqqətə çatdırıb, Azərbaycanın UNAOC-un bu istiqamətdə təşəbbüslərini dəstəklədiyini bildirib.

Ölkəmizin multikulturalizm və dini dözümlülük təcrübəsinə toxunan Ramin Məmmədov qeyd edib ki, Azərbaycan bu dəyərləri yalnız tarixi ənənələr və passiv dözümlülüklə məhdudlaşdırmayaraq, strateji dövlət siyasətinin və institusional idarəetmə sisteminin mühüm tərkib hissəsinə çevirib. Vurğulanıb ki, daxili sabitliyin və dinlərarası harmoniyanın təmin olunması məqsədilə formalaşdırılan bu model üç əsas sütuna – hüquqi və konstitusion əsaslara, dinamik institusional idarəetməyə və gənclərin prosesə cəlb olunmasına, eləcə də radikalizm və rəqəmsal qütbləşmə ilə mübarizə aparılarkən təhlükəsizlik tədbirləri ilə vicdan azadlığı arasında tarazlığın qorunmasına əsaslanır. Bu çərçivədə dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin səmərəli tənzimlənməsi, dini təhsilin inkişafı, gənclərin sülh quruculuğunda fəal iştirakının təşviqi və bütün dini icmalara dəstək göstərilməsi Azərbaycanın dinlərarası harmoniyanın möhkəmləndirilməsinə yönəlmiş siyasətinin əsas istiqamətləri kimi qəbul edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Qafqaz Müsəlmanları İdarəsinin bi istiqamətdə birgə  fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Çıxışda postmünaqişə dövründə dini və mədəni irsin qorunmasının mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpasına xüsusi diqqət yetirilməsi tarixi və mədəni irsin qorunmasına, sülhün və birgəyaşayışın möhkəmləndirilməsinə sadiqliyin göstəricisidir. R.Məmmədov dinlərarası dialoqun, qarşılıqlı hörmətin təşviqi və bəşəri dəyərlərin qorunmasının əhəmiyyətini vurğulayaraq, iştirakçıları qlobal çağırışlara qarşı birgə fəaliyyətin gücləndirilməsinə töhfə verməyə çağırıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın mədəniyyətlərarası dialoq, dinlərarası əməkdaşlıq və multikulturalizm sahəsindəki təcrübəsi barədə fikirlərini diqqətə çatdırıb. Şeyxülislam Azərbaycanın tarixi-mənəvi irsinin qorunmasını, müxtəlif dini icmaların ibadət ocaqlarının bərpasını və dinlərarası harmoniyanın təşviqini ölkənin multikultural siyasətinin mühüm təzahürləri kimi dəyərləndirib. O, Qafqaz Müsəlmanları İdarəsinin BMT Sivilizasiyalar Alyansı və beynəlxalq dini platformalarla əməkdaşlığının əhəmiyyətini qeyd edib. Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı ilə dini liderlərin zirvə görüşünün keçirilməsinin nəzərdə tutulduğu da diqqətə çatdırıb.

Allahşükür Paşazadə dinlərarası dialoq və məzhəblərarası anlaşmanın qlobal çağırışların həllində mühüm rol oynadığını bildirərək, VII Forumun sülh, qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Plenar sessiya işini beynəlxalq spikerlərin çıxışları və müzakirələrlə davam etdirir.

Pakistanın dini işlər və dinlərarası harmoniya naziri Sərdar Məhəmmad Yusuf diqqətə çatdırıb ki, Bakıda təşkil olunan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum sülhün, harmoniyanın və qarşılıqlı anlaşmanın təşviqi baxımından müstəsna əhəmiyyətə malik beynəlxalq platformadır. S.M.Yusuf bəyan edib ki, müasir dünyada dini dözümsüzlük, nifrət nitqi, ayrı-seçkilik və silahlı münaqişələr kimi ciddi çağırışlar fonunda dinlər və mədəniyyətlər arası dialoq etimadın bərpa olunması və dinc gələcəyin təmin edilməsi üçün həyati zərurətə çevrilib.
Nazirin sözlərinə görə, islamofobiya və dini zəmində hər növ ayrı-seçkilik kollektiv şəkildə rədd edilməli, yalan məlumatların və nifrət çağırışlarının qarşısını almaq üçün rəqəmsal mediadan məsuliyyətlə istifadə olunmalıdır. O, həmçinin xüsusi olaraq vurğulayıb ki, radikalizmin və qərəzli yanaşmaların qarşısının alınmasında dini liderlərin, alimlərin və təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Gənclərə dözümlülük, hörmət və məsuliyyətli vətəndaşlıq dəyərləri aşılanmalı, qadınlar və gənclər sülhün bərqərar olunması prosesinə və dinlərarası təşəbbüslərə fəal şəkildə cəlb edilməlidirlər. Sonda pakistanlı nazir bildirib ki, dinlərarası dialoq yalnız nitqlər və bəyannamələrlə məhdudlaşmamalı, hökumətlər, dini və təhsil qurumları, eləcə də vətəndaş cəmiyyəti arasında real, praktiki əməkdaşlığa gətirib çıxarmalıdır.
Özbəkistan Respublikası Prezidentinin Din və Təhsil Məsələləri üzrə müşaviri Müzəffər Kamilov bildirib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum sülhün, dözümlülüyün və qarşılıqlı anlaşmanın təşviqi üçün mühüm platformadır. O qeyd edib ki, Özbəkistan və Azərbaycanı əsrlərboyu dərin tarixi köklər, ortaq mədəni irs və sarsılmaz dostluq bağlayır. Əlişir Nəvai və Nizami Gəncəvinin irsi bu mənəvi yaxınlığın bariz nümunəsidir. Prezidentlər Şövkət Mirziyoyev və İlham Əliyevin siyasi iradəsi sayəsində iki ölkə arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib.
M.Kamilov vurğulayıb ki, geopolitik gərginliklərin, ksenofobiya və islamofobiyanın artdığı bir dövrdə dinlərarası dialoq insan ləyaqətinin qorunmasına və sülhün bərqərar olunmasına xidmət etməlidir. Hans Küng və Diana Ekk kimi alimlərin də göstərdiyi kimi, dinlər arasında dialoq olmadan qlobal sülhə nail olmaq mümkün deyil.
Müzəffər Kamilov əlavə edib ki, rəqəmsal dövrdə dezinformasiyanın yaratdığı dözümsüzlük risklərinə qarşı təhsil, gənclərlə iş və süni intellektdən məsuliyyətli istifadə istiqamətində beynəlxalq əməkdaşlıq gücləndirilməlidir. Özbəkistan bu ali məqsədlər naminə Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla birgə çalışmağa hazır olduğunu bildirib.

Kral Abdulla bin Əbdüləziz adına Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi vəzifəsini icra edən Antoniu de Almeyda-Ribeyru çıxışı zamanı dinlərarası dialoqun sülhün, qarşılıqlı etimadın və birgəyaşayışın möhkəmləndirilməsində rolunu vurğulayıb. O bildirib ki, dini ənənələr mərhəmət, həmrəylik və barışıq dəyərlərini təşviq edə bilsə də, dinin yanlış təqdim olunması cəmiyyətdə parçalanmaları dərinləşdirə bilər. Bu baxımdan dini liderlərin və icmaların münaqişələrin qarşısının alınmasında, qərəzlərin aradan qaldırılmasında və etimadın bərpasında iştirakı mühüm əhəmiyyət daşıyır. Antoniu de Almeyda-Ribeyrunun sözlərinə görə, dialoq yalnız qarşılıqlı anlaşma çağırışları ilə məhdudlaşmamalı, konkret əməkdaşlıq imkanları yaratmalıdır. O, dini liderlər, siyasətçilər, vətəndaş cəmiyyəti və yerli icmalar arasında tərəfdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. KAICIID-in Avropa, Afrika və Asiyada həyata keçirdiyi fəaliyyətlərə toxunan natiq, ortaq dəyərlərə əsaslanan cəmiyyətlərin qurulması və insan ləyaqətinin qorunması üçün birgə səylərin əhəmiyyətini vurğulayıb.
Tədbir qlobal çağırışların həllində dinlərarası dialoqun rolu, fərqli inanclar arasında etimad mühitinin gücləndirilməsi və birgəyaşayış mədəniyyətinin təşviqi istiqamətində müzakirələrlə davam edir.