Ucarda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib
25 aprel 2017, 01:45
Aprelin 24-də Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ucar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Ucar RİH başçısının müavini Şəhla Abdullayeva, Ucar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müşavirəni Ucar RİH başçısının müavini Şəhla Abdullayeva açaraq qeyd edib ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi dünyada birliyə çağırış rolunu oynayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu deyib. O bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsində əsas məqsədlərdən biri də İslam həmrəyliyində Azərbaycanın özünəməxsus rolunu gücləndirməkdir. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.
Səyyad Salahlı İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələrini verib. O, bildirib ki, dini-mədəni irsin məhvi prosesləri kimi təhdidlərdən İslam dünyası, ümumən bəşəriyyət yalnız səylərin birləşdirilməsi, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər.
Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.