“Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans işini yekunlaşdırıb
17 sentyabr 2026, 17:04

Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransın yekun panel sessiyasında tolerantlıq və multikulturalizm ənənələrinin təşviqində dini-mədəni irs nümunələrinin rolu müzakirə edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva işğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin durumu, onların qorunması istiqamətində görülən işlər, aparılan monitorinqlər barədə məlumat verib. O bildirib ki, işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda həm müsəlman, həm də xristian dini abidələri vandalizmə məruz qalıb, bir çox abidələrlə bağlı saxtalaşdırma və qanunsuz müdaxilə hallarına rast gəlinib. S.Hacıyeva onların bəzilərinin tamamilə dağıdıldığını, bəzilərinin isə ciddi və qismən zərər gördüyünü diqqətə çatdırıb. Gəncəsər monastır kompleksinin ətrafındakı qəbiristanlıqda saxtalaşdırma işlərinin aparılması hallarının müəyyən edildiyini deyib. 

Dövlət Xidmətinin rəisi qeyd edib ki, ərazilər işğaldan azad edildikdən sonra mina təhlükəsinə baxmayaraq, mütəxəssislər tərəfindən ANAMA ilə əməkdaşlıq çərçivəsində monitorinqlər aparılıb. 2001-ci ildə təsdiqlənmiş siyahıda yer alan 705 abidəyə əlavə olaraq, sonrakı araşdırmalar nəticəsində 144 yeni inventar siyahıya daxil edilib, 100-dən çox nümunə üzrə isə proses davam etdirilir.

Elmi-tədqiqat “Qafqaz Tarixi Mərkəzi” İctimai Birliyinin sədri Rizvan Hüseynov Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin mühüm tərkib hissəsi olan Qafqaz Albaniyasının mənəvi, mədəni-tarixi və memarlıq yaddaşından, eləcə də işğal dövründə bu mirasa vurulmuş ziyandan, saxtalaşdırma faktlarından danışıb.

O bildirib ki, Qafqaz Tarixi Mərkəzinin alim və mütəxəssislərin iştirakı ilə Azərbaycan ərazisindəki bir sıra memarlıq tikililəri, o cümlədən Gəncəsər, Xudavəng və Ağoğlan məbədləri ilə bağlı apardığı araşdırmalar nəticəsində onların Alban mədəni-tarixi və mənəvi irsinin tərkib hissəsi olduğu əsaslandırılıb. R. Hüseynov mövcud arxiv materialları və foto-sənədlər əsasında alban tarixi maddi mirasının həqiqi mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlərin aparıldığını vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafa Azərbaycanın tarixi-dini mülkiyyəti, multikultural dəyərləri və ölkəmizin regiondakı mənəvi missiyası ilə bağlı məqamlara toxunub. Qeyd edib ki, müasir dünyada mədəniyyətlərarası qarşıdurma meyllərinin və islamofobiyanın artdığı bir şəraitdə Azərbaycan mədəniyyət və sivilizasiyaların qovuşduğu, dialoq və qarşılıqlı anlaşma mühitinin formalaşdığı ölkə kimi çıxış edir. O, xalqımızın zəngin tarixi yaddaşının və tolerantlıq ənənələrinin canlı sübutu kimi İçərişəhər memarlığını nümunə göstərib. R.Mustafa Gəncəsər monastırı və Qusar rayonunun tarixi məscidlərinin dini-memarlıq abidələri kimi özünəməxsus xüsusiyyətləri barədə məlumat verib.

Panel müzakirəsində mədəni irs örnəklərinin qorunması, daş kitabələrin oxunması, tədqiqi və gələcək nəsillərə çatdırılması ilə bağlı təkliflər səsləndirilib.

Qeyd edək ki, din xadimləri, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfransın əsas məqsədi tarixi-dini irsin qorunması və tədqiqi sahəsində mövcud çağırışları, yerli və beynəlxalq təcrübələri, elmi və praktiki yanaşmaları müzakirə etməkdir.