“Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans işini panel sessiyalarla davam etdirir
17 sentyabr 2026, 14:29

Sentyabrın 17-də Bakıda keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusundakı konfrans işini panel sessiyalarla davam etdirir. 

Tədbirin “Mədəni-dini irsin qorunması: hüquq, təcrübə və imkanlar” adlı birinci panelinə Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov moderatorluq edib.

Paneldə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev və AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun çıxışları dinlənilib.

Məruzələrdə tarixi-dini abidələrin mühafizəsi sahəsində mövcud təcrübə, qarşıda duran çağırışlar və yeni imkanlar,  Qərbi Azərbaycanda və işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizmi nəticəsində dağıdılmış ibadətgahlar, mədəni irs nümunələrimiz barədə statistik göstəricilər diqqətə çatdırılıb, bu istiqamətdə dövlət qurumları, elmi müəssisələr arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda müxtəlif dini və mədəni irs nümunələrinin qorunmasına xüsusi önəm verildiyini, ölkə ərazisində 423 məscidin, 213 türbənin, 163 qəbiristanlığın və 222 kilsənin (məbəd) dövlət mühafizəsinə götürüldüyünü bildirib. Nazir müavini ötən il Bakı şəhərində 3 məscid və 1 kilsənin, işğaldan azad olunmuş ərazilərdə isə 4 məscid, 7 türbə, 4 monastır və 13 məbədin dövlət qeydiyyatına alındığını deyib. Çıxışda işğaldan azad olunmuş ərazilərdə mədəni irsin inventarlaşdırılması və bərpası istiqamətində görülən işlərə də toxunulub. Qeyd edilib ki, 2020-ci ildən etibarən 575 abidədə inventarlaşdırma aparılıb. Nazir müavini işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpasının davam etdirildiyini, bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Qarabağ və Şərqi Zəngəzurun tarixi-mədəni irsi işğaldan əvvəl və sonra” mövzusundakı təqdimatında bölgənin tarixi-dini abidələri və arxeoloji irsinin öyrənilməsinin əhəmiyyətinə toxunub, işğal dövründə tarixi qəbiristanlıqlara və digər mədəni irs nümunələrinə qarşı törədilmiş vandalizm faktlarını diqqətə çatdırıb. Təqdimatda, həmçinin Xocalı nekropolu, Qala, Baxça və Alpout qəbiristanlıqları ilə bağlı nümunələrə yer verilib. F.Quliyev müzakirələrdə səsləndirilən təkliflərin praktiki müstəvidə həyata keçirilməsinin zəruriliyini dilə gətirib.

 

AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov isə çıxışında Qərbi Azərbaycanın mədəni irsi, tarixi abidələri, toponimləri və bu istiqamətdə aparılan elmi tədqiqatlar barədə məlumatlar təqdim edib. O bildirib ki, Qərbi Azərbaycanın tarixinin müxtəlif dövrlərini əhatə edən 16 cildlik, 5 min səhifəlik ensiklopedik toplu iki dildə nəşr edilib. Hazırda isə bölgənin tarixi coğrafiyasına həsr olunan elmi əsər hazırlanır. Şöbə müdiri aparılan araşdırmalar nəticəsində Qərbi Azərbaycan ərazisindəki 717 şəhər və kəndin adının dəyişdirilməsi, 487 məscid, eləcə də 128 qədim yaşayış məskəni barədə arxiv və elmi materialların müəyyənləşdirilməsi haqqında faktlara da toxunub.  C.Bəhramov, həmçinin Azərbaycan tarixi və mədəni irsi ilə bağlı təhriflərin, o cümlədən Ermənistanın dərslik və xəritələrindəki təqdimatların sənədlər əsasında araşdırıldığını diqqətə çatdırıb.

Panel zamanı mövzu ətrafında fikir mübadiləsi aparılıb, din xadimləri və sahə mütəxxəsislərinin təklifləri dinlənilib.