Səudiyyə Ərəbistanı Şahzadəsi: “Azərbaycan Prezidentinin təşəbbüsü İslam ölkələrinin birliyində mühüm rol oynayacaq”
18 may 2017, 03:12
“Prezident İlham Əliyevin İslam Oyunlarının keçirildiyi bu ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi dövlət başçısının bu məsələyə göstərdiyi diqqəti əks etdirir”. Bu fikirləri Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin vitse-prezidenti, şahzadə Əbdülhəkim bin Müsaid Al Səud bildirib. O, bunun təqdirəlayiq təşəbbüs olduğunu vurğulayıb. “Azərbaycan Prezidentinin bu təşəbbüsü İslam ölkələrinin birliyində mühüm rol oynayacaq”-deyə, şahzadə əlavə edib.
IV İslam Həmrəyliyi Oyunlarından da danışan  Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin vitse-prezidenti bu Oyunların müsəlman ölkələri arasında qardaşlıq tellərinin gücləndirilməsinə böyük töhfə verəcəyini vurğulayıb: “Oyunlarda əsas məqsəd müsəlman xalqları arasında həmrəyliyin və yaxınlığın əldə edilməsidir. Ona görə də bu Oyunlar İslam həmrəyliyini müxtəlif sahələrdə olduğu kimi, idman sahəsində də gücləndirəcək”.