Sentyabrın 16-17-də Şamaxı rayonunda din xadimləri və dini icma sədrləri üçün “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda seminar-treninq keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev bildirib ki, müasir dövrdə milli-mənəvi dəyərlərimizin təbliği qarşıda duran ən başlıca vəzifələrdən biridir. İcraçı direktorun müavini vurğulayıb ki, bu cür seminar-treninqlərin əsas məqsədi dini maarifləndirmə işinin keyfiyyətini artırmaq və din xadimlərinin nəzəri-praktiki biliklərini daha da zənginləşdirməkdir. C.Əliyevin sözlərinə görə, Azərbaycanda həyata keçirilən dövlət-din siyasəti nəticəsində tolerantlıq və multikulturalizm ənənələrinə əsaslanan ictimai mühit formalaşıb. Bu dəyərlərin qorunub saxlanılmasında din xadimlərinin gündəlik fəaliyyəti və ictimaiyyətlə qurduqları səmərəli kommunikasiyanın da xüsusi rolu var.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev “Dini radikalizmlə mübarizədə din xadimlərinin missiyası” mövzusunda təqdimatla çıxış edərək diqqətə çatdırıb ki, dini radikalizm cəmiyyətlərin mənəvi sütunlarını və sosial sabitliyini təhdid edən ən ciddi problemlərdən biridir. K.Tağıyev bildirib ki, bu təhlükəyə qarşı mübarizədə din xadimləri yalnız mənəvi rəhbər deyil, həm də ideoloji cəbhənin ön xəttində dayanan əsas maarifçilərdir. O qeyd edib ki, onların missiyası dinin əsl mahiyyəti olan sülh, dözümlülük, insanpərvərlik və qarşılıqlı hörmət prinsiplərini cəmiyyətə düzgün çatdırmaq, dini savadsızlığın aradan qaldırılmasına və radikal ideologiyalara qarşı dayanıqlı mənəvi immunitetin formalaşmasına çalışmaqdır.
Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov “Dialoq mədəniyyəti və dini-mənəvi xidmət” mövzusuna dair məruzəsində bildirib ki, dialoq mədəniyyəti, ilk növbədə, insanın qarşı tərəfi dinləmək, onun fikrinə hörmətlə yanaşmaq və fərqli düşüncələri qəbul etmək bacarığıdır. E.Məmmədov dini mühitdə müxtəlif məzhəb nümayəndələri arasında sağlam münasibətlərin formalaşdırılmasının həssas və məsuliyyətli yanaşma tələb etdiyini söyləyib. Vurğulayıb ki, fərqli düşüncə qarşıdurma və ayrı-seçkilik səbəbinə çevrilməməli, qarşılıqlı hörmət və anlaşma müstəvisində qəbul edilməlidir.
Tədbirin ikinci günündə Aİİ-nin Dinşünaslıq kafedrasının müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru, Xəzər rayonu, Qala qəsəbəsi “Süleyman” məscidinin imamı Elnur Əzimli isə “Din xadimlərinin fəaliyyətində səmərəliliyin artırılması” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, din xadimləri dini məsələlərə dərindən bələd olmalı, nitq və ünsiyyət bacarıqlarını inkişaf etdirməli, peşəkar və şəxsi inkişaflarına daim diqqət yetirməlidirlər. Həmçinin radikal və zərərli düşüncələrin mahiyyətini yaxşı bilməli, bu cür ideologiyalara qarşı elmi-nəzəri baxımdan hazırlıqlı olmalı, cəmiyyətdə yanlış dini təsəvvürlərin və yönləndirmələrin qarşısının vaxtında alınması istiqamətində fəaliyyət göstərməlidirlər.
Daha sonra “Sosial media və dini maarifləndirmə” mövzusunda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev vurğulayıb ki, müasir dövrdə insanların məlumat əldə etmək üsulları dəyişir və rəqəmsal platformalar həyatımızın mühüm hissəsinə çevrilir. İnsanlar dini suallarına cavabları artıq yalnız məscidlərdən və din xadimlərindən deyil, həmçinin internet resurslarından axtarırlar. C.Əliyev diqqətə çatdırıb ki, rəqəmsal məkanda dezinformasiya və dini manipulyasiya yeni risklər yaradır. Bu səbəbdən, məlumatın mənbəyinin və etibarlılığının yoxlanılması, məzmunun düzgün qiymətləndirilməsi vacibdir.
Qeyd edək ki, seminar-treninqin keçirilməsində əsas məqsəd din xadimlərinin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların müasir dövrün çağırışlarına uyğun fəaliyyət imkanlarının genişləndirilməsi, eləcə də dini maarifləndirmə işində vahid və məqsədyönlü yanaşmanın formalaşdırılmasıdır. Bu cür tədbirlər din xadimlərinin cəmiyyətlə, xüsusilə gənclərlə səmərəli kommunikasiya qurmasına, radikal ideologiyalara qarşı maarifləndirmə işinin daha sistemli şəkildə aparılmasına və milli-mənəvi dəyərlərin təbliğinin məzmun və keyfiyyət baxımından təkmilləşdirilməsinə xidmət edir.