Şamaxıda din xadimləri üçün təlim keçiriləcək
14 sentyabr 2026, 11:50

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə sentyabrın 16-17-də Şamaxı rayonunda “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda ikigünlük seminar-treninq keçiriləcək.
Peşəkar dini xidmətin müasir çağırışlara uyğunlaşdırılması, din xadimlərinin nəzəri və praktiki potensialının artırılması, eləcə də radikalizmlə mübarizədə maarifləndirici missiyasının gücləndirilməsi məqsədilə ikigünlük tədbir baş tutacaq. Seminar-treninq çərçivəsində fəaliyyətin prioritet istiqamətləri, aktual məsələlər, innovativ yanaşmalar, ekstremizm meyillərinin profilaktikası üzrə təcrübə mübadiləsi, habelə icmalarla iş və səmərəli ictimai kommunikasiya mexanizmlərinin müzakirəsi nəzərdə tutulur.
Tədbir çərçivəsində mövzu üzrə təqdimatlar, panel müzakirələri və interaktiv təlim sessiyaları təşkil ediləcək.