Sabirabadda “İslam həmrəyliyi: dini tolerantlığın Azərbaycan nümunəsi” mövzusunda tədbir baş tutub
28 iyul 2017, 07:12
İyulun 28-də Sabirabad rayon Bulaqlı kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi - dini vəhdətə çağırış” layihəsi çərçivəsində “İslam həmrəyliyi: dini tolerantlığın Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad rayon Bulaqlı kənd məscidi dini icmasının sədri Rufat Utarov, kənd bələdiyyəsinin üzvü  Əli Səlimov,  dini icmanın üzvləri, kənd ağsaqqalları  və gənclər iştirak ediblər.
Dini icmanın sədri Rufat Utarov çıxışında bildirib ki, tarixən ölkəmizdə dini və etnik zəmində heç bir qarşıdurma baş verməyib. O qeyd edib ki, hal-hazırda Bulaqlı kəndində azərbaycanlılarla  axıska türklərinin mehriban şəraitdə yaşaması buna bariz nümunədir.  
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov tolerantlıq və dini dözümlülüyün Azərbaycan cəmiyyətinin tərkib hissəsi olduğunu söyləyərək müxtəlif xalqların, etnik qrupların arasında olan mehribanlıq, qarşılıqlı hörmət və bərabərliyin  bu gün də davam  etdiyini  tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən kənd ağsaqqalı Zakir Əliyev və bələdiyyə üzvü Əli Səlimov ölkəmizdə mövcud olan dini tolerantlıq və  multikultural dəyərlərin digər ölkələr üçün nümunə olduğunu qeyd ediblər.  
Sonda tədbir iştirakçılarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.