Qubada “İslam həmrəylik, bərabərlik dinidir” adlı layihə çərçivəsində yekun tədbir keçirilib
04 may 2017, 04:40
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Quba rayon Xucbala kənd məscidi dini icması tərəfindən “İslam həmrəylik, bərabərlik dinidir” adlı layihə çərçivəsində “Milli mənəvi dəyərlərimiz və müasirlik” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov, Quba rayonu Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev və kənd sakinləri iştirak ediblər.
Quba rayonu Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev çıxışında dinə dövlət qayğısından məmnunluğunu ifadə edərək  qeyd edib ki, keçirilən layihələr çərçivəsində yüzlərlə insan düzgün dini biliklərə yiyələniblər.  
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini  Ramin Xudayev qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, gənc nəslə ötürülməsi bizim əsas vəzifəmizdir. O bildirib ki, milli-mənəvi dəyərlərin gənc nəslin milli kimliyinin formalaşmasında rolu danılmazdır.
Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxışında milli-mənəvi dəyərlərin təbliği sahəsində son illər dövlətin həyata keçirdiyi iri miqyaslı işlərdən və tədbirlərdən bəhs edib.
Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov çıxışında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində milli-mənəvi dəyərlərin qorunması və təbliği prioritet təşkil edir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.