Qubada “İslam həmrəylik, bərabərlik dinidir” adlı layihə çərçivəsində növbəti tədbir baş tutub
27 aprel 2017, 08:33
Aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Quba rayon Xucbala kənd məscidi dini icması tərəfindən Çartəpə kəndində “İslam həmrəylik, bərabərlik dinidir” adlı layihə çərçivəsində “Dini radikalizmin qarşısının alınmasında dini həmrəyliyin və bərabərliyin rolu” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba rayonu Çartəpə kənd ümumi orta məktəbinin direktoru Bəhruz Bəybalayev, Quba rayonu Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev və kənd sakinləri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Quba rayonu Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev qeyd edib ki, dini icmalara göstərilən qayğı onlarda ruh yüksəkliyi yaradır. O bildirib ki, dini sahədə dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin tərkib hissəsi kimi ölkənin ən ucqar hüdudlarında belə maarifləndirmə işləri uğurla icra olunur.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə məruzə ilə çıxış edərək vurğulayıb ki, Azərbaycanda mövcud olan ənənəvi İslam dininin xüsusiyyətləri dünyanın ən mütərəqqi İslam dövlətləri tərəfindən tədqiq və təbliğ edilir. Azərbaycanda dini sahəyə dövlətin qayğısını xüsusi vurğulayan natiq bildirib ki, ölkə başçısının müvafiq Sərəncamları və göstərişləri ilə ölkəmizdə yüzlərlə ibadət evləri - məscidlər, kilsələr və sinaqoqlar tikilir və yaxud da yenidən bərpa edilərək dindarların ixtiyarına verilir. E.Nurullayev qeyd edib ki, Azərbaycanda mövcud həmrəylik nəinki dini sahədə, bütün sahələrdə yüksək səviyyədədir. Bu da Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.
Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ölkəmizdə dini sahədə həyata keçirilən ideoloji işin müsbət təsirindən bəhs edərək bildirib ki, insanlar arasında radikalizmə meyillənmə halları səngiyib və Azərbaycanda əsrlərlə mövcud olan ənənəvi dini inanclara hörmət hissi daha da artıb. T. İbrahimov Quba rayonundakı dini və etnik duruma toxunaraq bildirib ki, rayonda iyirmidən artıq azsaylı xalq və etnik qrup, o cümlədən müxtəlif dinlərə sitayiş edən toplumlar bir yerdə, vahid azərbaycançılıq məfkurəsi kontekstində əsrlərboyu yaşamış və yaşamaqda davam edirlər.
Quba rayonu Çartəpə kənd orta məktəbinin direktoru Bəhruz Bəybalayev Azərbaycanda dövlət-din münasibətlərinin ən yüksək səviyyədə olduğunu qeyd edib. O, xatırladıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda mövcud olan ənənəvi İslam dininə milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi yanaşıb və yüksək qiymət verib. Dini biliklərin dini icmalar vasitəsilə yeniyetmə və gənclərə çatdırılmasının vacibliyini dilə gətirən natiq radikalizmlə mübarizədə bunun daha effektli nəticələr verəcəyini söyləyib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.