Avqustun 11-də Qobustan rayonunun Cəyirli kəndi “İmam Zaman” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dinin təhrif olunmasının nəticələri: fanatizm və radikalizm” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan Rayon İcra Hakimiyyətinin Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhmadlı Rəcəbov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı dinin əsas mahiyyətindən, onun insani mənəvi kamilliyindən, insanları sülhə, əmin-amanlığa və xeyirxahlığa istiqamətləndirməsindən bəhs edilib. Müasir dövrdə internet və sosial şəbəkələrin radikal ideologiyaların yayılmasında istifadə oluna bilməsi məsələsinə də toxunulub, dini maarifləndirmənin radikalizmə qarşı mübarizədə mühüm vasitələrdən biri olduğu vurğulanıb.
Eyni zamanda, dini savadlılığın artırılması, gənclər arasında milli-mənəvi dəyərlərin, tolerantlığın və qarşılıqlı hörmət prinsiplərinin təbliği, həmçinin ailə və təhsil müəssisələrinin maarifləndirici fəaliyyətinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.