Qadınların tolerant və mütərəqqi cəmiyyətin formalaşmasındakı rolu panel sessiyalarında müzakirə olunur
24 noyabr 2026, 12:30

Bakıda “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans çərçivəsində “Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü” mövzusunda panel müzakirəsi keçirilib. Panelə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov moderatorluq edib.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasət fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə qadının potensialından cəmiyyətin bütün sahələrində proporsional və səmərəli istifadənin vacibliyini vurğulayıb. O qeyd edib ki, qadınların təhsil sahəsində yüksək təmsilçiliyinə baxmayaraq, digər sahələrdə onların iştirakçılığının genişləndirilməsinə ehtiyac var. Onların intellektual və peşəkar potensialının ictimai-siyasi həyatın bütün istiqamətlərində reallaşdırılması üçün imkanlar yaradılmalıdır.

Professor gender məsələlərinə toxunaraq bildirib ki, qadınların ailə və məişət qayğıları ilə bağlı üzərinə düşən əlavə yük onların ictimai və peşəkar fəaliyyətinə də təsir göstərir. Qadının zəif hesab edilməsi ilə bağlı stereotiplərin aradan qaldırılmasının, onun bilik və bacarıqlarının cəmiyyət tərəfindən düzgün qiymətləndirilməsinin önəmini diqqətə çatdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov çıxışında qadınların sosial statusunun və cəmiyyətdəki rolunun qiymətləndirilməsinə hüquqi, sosial və ictimai münasibətlər kontekstindən yanaşmanın zəruriliyi barədə fikirlərini bölüşüb. O bildirib ki, qanunvericilikdə qadın və kişilərin bərabər hüquqları təsbit olunsa da, real bərabərliyin təmin edilməsi üçün qadınların həmin hüquqlardan istifadə imkanları və bu hüquqlardan istifadə edənlərə cəmiyyətin münasibəti də nəzərə alınmalıdır. Bu baxımdan, gender bərabərsizliyinin araşdırılmasında hüquqi yanaşma ilə yanaşı, sosioloji təhlil və sosial araşdırmalar mühüm əhəmiyyət daşıyır.

Məruzəçi gender stereotiplərinin və simvolik zorakılığın qadınların sosial mövqeyinə təsirinə diqqət çəkib. Qeyd edib ki, uzun illər ərzində formalaşmış yanlış ictimai təsəvvürlər qadınların öz hüquq və imkanlarını dəyərləndirməsinə, bəzən isə mövcud məhdudiyyətləri təbii qəbul etməsinə səbəb olur.

ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının təsisçi direktoru Şəfəq Mehrəliyeva isə qadınların cəmiyyətdəki rolunun işıqlandırılmasında medianın məsuliyyətinə və qadın potensialının düzgün qiymətləndirilməsinə diqqət çəkib. Şəfəq Mehrəliyeva vurğulayıb ki, qadın intellekti yalnız analitik və məntiqi bacarıqlarla deyil, həm də empatiya, uyğunlaşma və əməkdaşlıq qabiliyyəti ilə qiymətləndirilməlidir. O, milli-mədəni irsimizdə qadınların roluna, xüsusilə “Kitabi-Dədə Qorqud” dastanında qadın obrazlarına  toxunub. Media sahəsində gender təmsilçiliyinə toxunan natiq bildirib ki, qadınların idarəetmədə nisbətən az təmsil olunması onların maraqlarını əks etdirən mövzuların mediada işıqlandırılmasına da təsir göstərir.

Panel zamanı qadınların təhsil, elm və maarifləndirmə sahələrində rolu, intellektual bacarıqlarının cəmiyyətin inkişafına təsiri, gender bərabərliyi və tolerantlıq dəyərlərinin təşviqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.