Prezident İlham Əliyev: "Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir"
21 sentyabr 2020, 10:19

"Müsəlman ölkələri də bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib"

 

“Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub, ölkəmizdə bir çox tədbirlər keçirilib. Biz həmişə çalışmışıq ki, müsəlman ölkələrinə kömək göstərək, beynəlxalq təşkilatlarda həmişə müsəlman ölkələrinin maraqlarını müdafiə etmişik, həm səsvermə zamanı, eyni zamanda, əgər hansısa beynəlxalq təşkilata müsəlman ölkəsi öz namizədliyini irəli sürübsə, həmişə onu dəstəkləmişik. Yəni, bu həmrəylik sözdə yox, əməldə olmalıdır”. Bu fikirləri Prezident İlham Əliyev respublikamızın televiziyalarına müsahibəsində deyib.

Dövlət başçısının sözlərinə görə, biz o ölkələrdənik ki, əməldə İslam həmrəyliyinə daim öz xarici siyasətimizdə böyük yer ayırmışıq. “Mənim xarici siyasət istiqamətləri ilə çıxışlarımda siz bunu görə bilərsiniz. Əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Çünki biz müsəlman dünyasının bir hissəsiyik. Bizi BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Bir çox qətnamələr qəbul edilib. Tovuz təxribatı ilə əlaqədar da, həmçinin. Ona görə müsəlman ölkələrinin Ermənistanla hər hansı yaxınlaşmasına biz həmişə çox həssas yanaşırıq. Çünki Ermənistan bizim torpağımızı zəbt edib. Eyni zamanda, müsəlman ölkələri də bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Baxın, bizim məscidlərimiz nə gündədir? Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan, donuz, inək saxlayırlar. Bu, müsəlman aləminə edilən təhqir deyilmi? Ona görə hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin”.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Ermənistanın xarici işlər naziri Misirdə hansısa dini liderlə görüşüb: “Yaxşı, o dini liderə deyən olmadı ki, bu adamlar müsəlman məscidlərini təhqir edib, bütün müsəlman dünyasını təhqir edib. Biz dəqiq bilirik, erməni rəsmiləri Avropada olarkən avropalıların yenə də bunlara münasibətinin müsbət olması üçün onların əsas arqumenti o olur ki, biz müsəlmanların əhatəsində yaşayırıq. Bizim üç qonşumuz müsəlman ölkələridir. Biz burada, bu bölgədə xristianlığı qoruyan xalqıq. Bizim ətrafımızda olan müsəlman ölkələri düşməndir. Bəli, Türkiyəni və Azərbaycanı Ermənistan düşmən sayır. Ancaq İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Bəs necə ola bilər? Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq? Mən belə dostluğu başa düşmürəm. Mən dəfələrlə müsəlman ölkələrinin rəhbərlərinə həm ikitərəfli formatda, həm çoxtərəfli formatda, həm də rəsmi çıxışlarımda müraciət etmişəm və demişəm ki, onlar bu məsələni nəzərə alsınlar”-, deyə ölkə başçısı əlavə edib.

Azərbaycan Prezidentinin sözlərinə görə, Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir: “Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər, bu ideologiyanı uşaqlara aşılayırlar. Ona görə biz öz prinsipial mövqeyimizdə qalacağıq. Bu məsələni həmişə diqqətdə saxlayacağıq. Bütün müsəlman ölkələrinin rəhbərlərinə bir daha demək istəyirəm, Ermənistan sizin dostunuz deyil”.

 

(AZƏRTAC)