Lerikdə İslam həmrəyliyi mövzusunda tədbir keçirilib
12 may 2017, 09:39
Mayın 12-də Lerik rayonu Lüləkəran  kənd məscidi dini icmasının həyata keçirdiyi “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti”  layihəsi çərçivəsində “İslam dünyasında  dini radikalizmin və ekstrimizmin yaranma səbəbləri və fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi  Azər Həsənov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, Lüləkəran kənd tam orta məktəbinin direktoru Şakir Babayev dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran  bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, dini radikalizm və ekstremizmin fəsadlarından danışaraq, ölkəmizdə bu kimi halların mövcud omadığını və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, ağsaqqallar Məzahir Babayev, Elxan Əliyev,  Lüləkəran kənd tam orta məktəbinin direktoru Şakir Babayev və başqaları çıxışlarında müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan qarşıdurmaların, təxribatların qarşısını almaq üçün alternativ yollar tapmağa hər zamankından daha çox ehtiyac olduğunu bildiriblər. Belə halların qarşısının almaq üçün dünyaya İslam dininin sülh dini olduğunu çatdırmağa ehtiyacın olduğu vurğulanıb. Natiqlər ölkəmizdə  İslam Həmrəyliyi ili çərçivəsində görülən işlərin əhəmiyyətini də tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.