Lerikdə “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir təşkil olunub
14 iyul 2017, 08:40
İyulun 14-də Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə imzaladığı Sərəncama əsasən maliyyə yardımı almış Lerik rayonu Ləmərud kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam sülhə və həmrəyliyə aparan yoldur” adlı layihə çərçivəsində “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, Ləmərud kənd məscidi dini icmasının üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran  bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov bildirib ki, ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının başlıca məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. O qeyd edib ki, ölkəmizin  dövlət başçısı tərəfindən irəli sürülmüş İslam həmrəyliyi təşəbbüsü müsəlman dünyasının bu gün qarşılaşdığı problemlərin köklü şəkildə həlli, mövcud konfliktlərin dialoq platformasında çözümü istiqamətində də konstruktiv fəaliyyətlərə təkan verəcək. A.Həsənov "İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən kompleks tədbirlərin İslam dininin sülh və mərhəmət dini olduğunu göstərməklə yanaşı, İslam coğrafiyasında genişmiqyaslı humanitar əməkdaşlığın da yeni perspektivlərini aça  biləcəyini vurğulayıb. 
Ləmərud kənd məscidi dini icmasının üzvü Əfrəddin Abdullayev, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev və başqaları çıxışlarında  milli-mənəvi və dini dəyərlərinə sıx bağlı olan ölkəmizin həm də dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanındığını, mədəni müxtəlifliyin, etnik və dini tolerantlıq mühitinin təmin olunduğunu, Azərbaycanda heç vaxt dini və milli ayrı-seçkiliyin olmadığını, bütün dinlərin nümayəndələrinin dinc və qarşılıqlı anlaşma şəraitində yaşadığını və bunun Azərbaycan xalqının həyat tərzi olduğunu bildiriblər.
Natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması, onun Azərbaycan tarixində oynadığı rol,  xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs ediblər.        
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.