Lənkəranda “İslam həmrəyliyi sülh və birliyə töhfə kimi” mövzusunda tədbir təşkil olunub
26 iyul 2017, 07:51
İyulun 26-da Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Lənkəran rayonu Bəlləbur kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi sülh və birliyə töhfə kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, DQİDK-nın əməkdaşı Namiq Talıbov, AMEA-nın doktorantı Samid Quliyev, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında həmrəylik, tolerantlıq və dözümlülük dini olan İslam dininin dünya sivilizasiyasının mühüm səhifəsini təşkil etdiyini, xalqımızın milli-mədəni inkişafında müstəsna rol oynadığını bildirərək, islami dəyərlərin və ənənələrin ölkəmizdə  həmişə uca tutulduğunu qeyd edib.
DQİDK-nın əməkdaşı Namiq Talıbov islami dəyərlərin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu, İslam dininin öz birləşdirici missiyası ilə insanları  hər zaman sülh və birliyə, həmrəyliyə dəvət etdiyini vurğulayıb.
AMEA-nın doktorantı, ilahiyyatçı Samid Quliyev, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov, kənd tam orta məktəbinin direktoru Elçin Səfərov çıxışlarında İslam həmrəyliyinin sülh və inkişafa təminat kimi müasir dövrün çağırışı olduğunu bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.