“İslam həmrəyliyi və vətənpərvərlik” mövzusunda tədbir keçirilib
04 avqust 2017, 01:29
Avqustun 3-də İmişli rayonu Cəfərli kənd məscidi dini icması tərəfindən “İslamda sülh və həmrəylik çağrışları” layihəsi çərçivəsində ”İslam həmrəyliyi və vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elbəy Dəmirov, Dövlət Komitəsinin Ümumi şöbəsinin əməkdaşı Aqşin Əliyev, İmişli rayon Cəfərli kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Abil Süleymanov, T.İsmayılov adına Cəfərli kənd tam orta məktəbinin müəllimi Rzaəli Ağayev və başqaları iştirak ediblər.
Dini icmanın sədri Abil Süleymanov çıxışında bildirib ki, vətəni sevmək hamının müqəddəs borcudur. O, bunun imandan gəldiyini və xalqımızın birliyinin, həmrəyliyinin əsas səbəblərindən biri olduğunu vurğulayıb.
Daha sonra DQİDK-nın Ümumi şöbəsinin əməkdaşı Aqşin Əliyev Azərbaycanda dövlət-din münasibətlərindən, vətənpərvərlik və həmrəyliyin, o cümlədən İslam həmrəyliyinin əhəmiyyətindən danışıb. O bildirib ki, gənclərimizdə vətənə məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq qarşıda duran əsas məqsəddir. Vətəni sevmək, onu qorumaq üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda formalaşmalıdırlar. 
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov həmrəylik və vətənpərvərlik məfhumlarının mahiyyəti barədə məlumat verərək həmrəyliyin müxtəlif  dini, mədəni, siyasi fikirlərin qarşılıqlı ehtiram içərisində mövcud olması mənalarına gəldiyini söyləyib. O, eyni zamanda gənclərin həmrəylik və vətənpərvərlik ruhunda tərbiyə olunmasında dindarların üzərinə düşən vəzifələrdən bəhs edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsi tərəfindən çap olunmuş dini ədəbiyyatlar paylanılıb.