“İslam həmrəyliyi dünyanı sülhə aparan yol” layihəsi uğurla icra olunur
01 avqust 2017, 09:17
Avqustun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Sabunçu qəsəbə məscidi dini icması tərəfindən “İslam həmrəyliyi dünyanı sülhə aparan yol” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Nuru İmanov, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, Sabunçu qəsəbə məscidi dini icmasının sədri və axundu Zahir Mehdiyev, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabunçu qəsəbə məscidi dini icmasının sədri və axundu Z.Mehdiyev maarifləndirmə layihəsinin milli-mənəvi dəyərlərimizin təbliği işinə böyük töhfə olduğunu bildirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov öz çıxışında “Multikulturalizm ili”nin məntiqi davamı kimi 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təşəbbüsünün qlobal miqyasda böyük əhəmiyyətə malik olmaqla yanaşı, eyni zamanda tolerantlığa, əmin-amanlığa, birgəyaşayışa və sülhə xidmət etdiyini vurğulayıb.
Daha sonra çıxış edən Sabunçu RİH başçısı Aparatının nümayəndəsi Ədalət Teymurov rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər haqqında məlumat verib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov İslam sivilizasiyasının əsas mərkəzlərindən biri kimi Azərbaycanda İslam həmrəyliyinin milli-mənəvi dəyərlərimizlə vəhdət təşkil etdiyini, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini ölkəmizin İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyər olduğunu diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.