“İslam həmrəyliyi birlik və bərabərliyimizin ən ali tərənnümüdür” mövzusunda tədbir keçirilib
21 iyul 2017, 07:59
İyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı ilə birlikdə “İslam həmrəyliyi  birlik və bərabərliyimizin ən ali tərənnümüdür” mövzusunda  tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Masallı Rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, müasir Azərbaycanda mükəmməl dövlət-din münasibətləri sisteminin formalaşması və tətbiqi müstəqil dövlətimizin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
İslam həmrəyliyinin müsəlman dünyası üçün əhəmiyyətindən danışan S.Əliyev  qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi zamanın çağırışlarına cavab verən, müsəlman dövlətləri arasında iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlığın inkişafına dəstək verən düşünülmüş  təşəbbüsdür.
“İslam həmrəyliyi  birlik və bərabərliyimizin ən ali tərənnümüdür” mövzusunda  məruzə ilə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli Azərbaycanın dünyada sülhün və həmrəyliyin möhkəmləməsinə verdiyi töhfələrdən danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.