Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Mil-Muğan regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə sektoru və İmişli rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Birgəyaşayış mədəniyyəti: sülh, hörmət və anlayış” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nin Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, Mil-Muğan regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə sektorunun baş məsləhətçisi Ramin Fərəcov, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini icra edən Şamil Cəbrayılov, İmişli rayonu Qaravəlli kənd məscidi dini icmasının sədri Şahəddin Quliyev, İmişli rayon Qaraqaşlı kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Vadər Mamedov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin əsrlər boyu sülh, qarşılıqlı anlaşma və həmrəylik şəraitində birgə yaşadığı xüsusi vurğulanıb. Qeyd olunub ki, yetişməkdə olan yeniyetmə və gənclərin Azərbaycançılıq məfkurəsi və zəngin milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunması ölkəmizdə mövcud olan tolerantlıq mühitinin və ictimai sabitliyin qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb edir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.