Əmircanda “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib
18 may 2016, 10:38
Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Əmircan qəsəbəsindəki 114 saylı tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Emin Həsənov və Xalid Məmmədov, Suraxanı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov, Əmircan qəsəbə bələdiyyəsinin sədri Rəfail Cəfərov, məktəbin direktoru Ceyran Novruzova, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov bu ilin ölkəmizdə "Multikulturalizm İli" elan olunduğunu qeyd edərək, mövzu ətrafında çıxış edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural dəyərlər və tolerant ənənələrin təbliği siyasətinin cəmiyyətdə güclü dayaqlara malik olduğu bildirilib.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Emin Həsənov və Xalid Məmmədov, Əmircan qəsəbə Cümə məscidinin axundu Rəhim Kərimov multikulturalizm anlayışı və bu anlayışın özünəməxsus keyfiyyətlərindən söhbət açıblar. Azərbaycanın multikulturalizmin praktiki baxımdan yaşandığı ölkə olaraq bütün dünyaya nümunə olduğu dinləyicilərin diqqətinə çatdırılıb.
Tədbirin yekununda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.