Din xadimlərinin Gəncəyə səfəri davam edir
26 oktyabr 2026, 19:12

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dini həmrəylik və birgəyaşayış” layihəsi çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarından olan din xadimlərinin Gəncəyə səfəri davam edir.

Oktyabrın 26-da layihə iştirakçıları Gəncə Memorial Kompleksini və Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar. Ziyarət zamanı qeyd olunub ki, Gəncə Memorial Kompleksi İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın raket hücumları nəticəsində həlak olmuş günahsız insanların xatirəsini əbədiləşdirmək, eləcə də müharibənin acı həqiqətlərini gələcək nəsillərə çatdırmaq məqsədilə yaradılıb.

Daha sonra İmamzadə məscid-ziyarətgah Kompleksinin fəaliyyəti ilə tanış olan din xadimləri burada vəhdət namazı qılıblar. Ziyarət zamanı kompleksin dini-mənəvi əhəmiyyəti, ölkəmizdə dini dəyərlərin qorunması və məzhəblərarası həmrəyliyin təşviqində rolu vurğulanıb, həmçinin dövlət tərəfindən dini-mədəni irsin mühafizəsinə və dini icmalara göstərilən diqqət və qayğı xüsusi qeyd olunub.

Layihə iştirakçıları Nizami Gəncəvi Muzeyini və Nizami məqbərəsini də ziyarət ediblər. Ziyarət zamanı din xadimlərinə muzeyin inşası, həmçinin  məqbərənin memarlıq xüsusiyyətləri, Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib. Muzeydə şairin ədəbi mirasına həsr olunmuş guşə, elektron məlumat köşkü, eləcə də yubileyləri münasibətilə nəşr edilmiş kitab və monoqrafiyalar nümayiş etdirilib.

Qeyd edək ki, dini maarifləndirmə və mənəvi dəyərlərin təbliği sahəsində birgə təşəbbüslərin formalaşdırılması, qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi, həmrəylik ənənələrinin daha da inkişaf etdirilməsi məqsədilə 24-27 oktyabr tarixlərində baş tutan layihə çərçivəsində Gəncədə fəaliyyət göstərən din xadimləri ilə görüşlər keçirilib, dini dəyərlərin birləşdirici rolu, Azərbaycanda dini müxtəliflik şəraitində harmoniya və qarşılıqlı hörmət ənənələrinə dair ekspert mühazirələri təşkil olunub.