Din xadimləri “Dini həmrəylik və birgəyaşayış” layihəsi çərçivəsində Qəbələyə səfər ediblər
25 noyabr 2026, 11:51

Noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dini həmrəylik və birgəyaşayış” layihəsi çərçivəsində Biləsuvar, Salyan və Neftçala rayonlarından olan din xadimləri Qəbələ şəhərinə səfər ediblər.

Səfər çərçivəsində müxtəlif bölgələrdən olan din xadimlərinə ölkəmizdə tarixən formalaşmış tolerantlığın qorunub saxlanılmasının, dini dəyərlərin birləşdirici mahiyyətinin önəminə, eləcə də Azərbaycanda dini müxtəliflik şəraitində qarşılıqlı hörmət, harmoniya və birgəyaşayış ənənələrinə həsr olunan ekspert mühazirələri təşkil olunub.

Təqdimatla çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun Elm və İnnovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov dini vəhdət və müxtəlif İslam məzhəblərinin nümayəndələri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın əhəmiyyətindən danışıb. O, müasir dövrdə geosiyasi proseslər və xarici radikal ideologiyaların təsirinin məzhəbçilik meyillərinin güclənməsi riskini artırdığını diqqətə çatdırıb. Məruzəçi bu cür qütbləşmənin cəmiyyətdə ayrı-seçkilik və parçalanmaya səbəb ola biləcəyini,  din xadimləri ilə ilahiyyatçı alimlər arasında bu istiqamətdə dialoq və fikir mübadiləsinin davamlılığının vacibliyini vurğulayıb. Qurani-Kərim və hədislər əsasında müsəlman qardaşlığı, birlik və vəhdət prinsiplərini izah edən M.Mürsəlov tövhid, ədalət, mərhəmət və gözəl əxlaqın birləşdirici ortaq dini dəyərlər olduğunu bildirib. O, həmçinin Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin dini həmrəyliyin qorunmasındakı rolundan bəhs edib.

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov isə dini həmrəylik və birgəyaşayış mövzusunun müasir cəmiyyətin mənəvi ehtiyacları, eləcə də tarixi-dini ənənələrimiz baxımından zəruriliyi barədə fikirlərini bölüşüb. O, XIX əsrdə Qafqazda mövcud olmuş dini-mənəvi mühit kontekstində İslamda birlik və vəhdət anlayışının əsas prinsiplərini təhlil edib. Məruzəçi etibarlılıq, təvazökarlıq, qarşılıqlı sevgi, insan hüquqlarına hörmət və ictimai məsuliyyətin dini həmrəyliyin əsasını təşkil etdiyini bildirib. Həmçinin dini fərqliliklərə hörmətlə yanaşmağın, əsassız ittihamlardan çəkinməyin və qarşılıqlı etimadın qorunmasının birgəyaşayış mədəniyyətindəki roluna toxunub. Ə.Niyazov həqiqi birliyin fərqlilikləri inkar etməkdə deyil, ortaq mənəvi dəyərlər ətrafında birləşməkdə təzahür etdiyini vurğulayıb.

Qeyd edək ki, layihə çərçivəsində Biləsuvar, Salyan və Neftçala rayonlarından olan din xadimlərinin Qəbələ şəhərinin müxtəlif tarixi və dini məkanlarını ziyarəti də nəzərdə tutulub.