İyulun 21-də Bərdə şəhərində yerləşən “İmamzadə” ziyarətgahında “Radikalizm və ekstremizmlə mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qarabağ regional bölməsi və Bərdə şəhəri “İmamzadə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə təşkil olunub.
Görüş Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş əziz şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Maarifləndirici tədbirdə DQİDK-nın Qarabağ regional bölməsinin aparıcı məsləhətçisi İsmət Rəhimov, Bərdə şəhəri “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, Lənbəran kənd məscidinin imam müavini Əkrəm Əfəndiyev, eləcə də bölgədə fəaliyyət göstərən digər din xadimləri iştirak ediblər.
Tədbir çərçivəsində cəmiyyətdə radikal tendensiyaların və ekstremizmin qarşısının alınmasında dini icmaların üzərinə düşən vəzifələr, milli-mənəvi dəyərlərin təbliği və gənclərin doğru dini maarifləndirilməsində din xadimlərinin aparıcı rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.