Balakəndə “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusu müzakirə olunub
27 aprel 2017, 08:03
Aprelin 27-də Balakən Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Qazbinə kənd tam orta məktəbində “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib.
Müəllimlər və şagirdlərin iştirak etdiyi tədbiri Qazbinə kənd tam orta məktəbin direktoru Abdulla Əliyev açaraq bildirib ki, Prezident cənab İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi böyük önəm kəsb edir.
Tədbirdə daha sonra çıxış edən Balakən Rayon İcra Hakimiyyət başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlərlər şöbəsinin müdir muavini–dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov bildirib ki, Azərbaycan xalqı İslam mədəniyyətinin formalaşmasına öz töhfəsini verən xalqlardan biridir. Eyni zamanda, xalqımızın milli kimliyinin formalaşmasında İslam dininin rolu danılmazdır.
Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev çıxışında vurğulayıb ki, qarşılıqlı hörmət, insanpərvərlik, həmrəylik, milli və dini birlik kimi dəyərlər sağlam düşüncəyə, yüksək əxlaqi dəyərlərə malik fərdlərin yaşadığı bir cəmiyyətdə formalaşa bilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.