Balakəndə “Dinin təhrif olunmasının nəticələri: fanatizm və radikalizm” mövzusunda maarifləndirmə tədbiri keçirilib
12 avqust 2026, 09:17

Avqustun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsi, Balakən Rayon İcra Hakimiyyəti və Balakən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Balakən rayon Mədəniyyət Mərkəzində “Dinin təhrif olunmasının nəticələri: fanatizm və radikalizm” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fariz Nəcəfov, Balakən rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev, Balakən rayonu Gənclər evi Sosial xidmət müəssisəsinin əməkdaşı Fuad Mikayılov, eləcə də mədəniyyət işçiləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı mövzu haqqında ətraflı məlumat verilərək vurğulanıb ki, formasından asılı olmayaraq, fanatizm və radikalizmin mahiyyətində dayanan əsas ideya öz məqsədinə nail olmaq üçün başqalarının hüquqlarını pozmaq və haqqını tapdalamaqdır. Tədbirdə dini radikalizmin yaranma səbəbləri, fəsadları, təbliğat metodları və ona qarşı mübarizə üsullarından danışılaraq qeyd edilib ki, dini radikalizm və fanatizm cəmiyyətin iqtisadi, sosial, mədəni və digər sahələrdə inkişafdan geri qalmasına səbəb olur. Müasir dövrdə dini radikalizmə, ekstremizmə, fanatizmə və hər cür ifrata qarşı mübarizədə əsas silahın maarifləndirmə olduğu diqqətə çatdırılıb və dini fanatik ilə radikalist baxışlara qarşı cəmiyyət olaraq birgə mübarizə aparılmasının vacibliyi vurğulanıb.

Tədbirin sonunda iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.