Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir
17 sentyabr 2026, 12:41

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, alimlər, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra dini abidələrə dövlət qayğısının təcəssümü olaraq təmir olunan məscidlər barədə videoçarx nümayiş etdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ümummilli lider Heydər Əliyevin “Biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaqlar.” fikrinin tarixi və dini irsimizə münasibətin mühüm fəlsəfəsini ifadə etdiyini vurğulayıb. O bildirib ki, dini abidələr yalnız memarlıq nümunələri deyil, xalqın tarixi yolunun, dini dünyagörüşünün, adət-ənənələrinin və milli yaddaşının mühüm daşıyıcılarıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, bu gün ölkəmizdə mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Tarixi və mədəniyyət abidələrinin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, onların bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunmuş qərarlar bu siyasətin ardıcıl, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, Pir Həsən ziyarətgahında bərpa işləri başa çatdırılıb, İmam məscidində bərpa işləri yekun mərhələsinə çatıb, Gəncədəki “Cümə” məscidində isə təmir-bərpa işlərinə başlanılıb.

İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpasının əhəmiyyətinə də toxunan Ramin Məmmədov qeyd edib ki, bu proses xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasına xidmət edir. Bu sahədə dövlət siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr xüsusi yer tutur.

Dövlət Komitəsinin sədri tarixi-dini abidələrin bərpasından sonra onların qorunması və yaşadılması üçün aidiyyəti dövlət qurumları, mütəxəssislər və dini icmalar arasında əməkdaşlığın vacib olduğunu deyib. Abidələr haqqında məlumatların sistemləşdirilməsi, vahid məlumat bazasının və rəqəmsal xəritənin yaradılması, zəruri hallarda müxtəlif sahələr üzrə mütəxəssislərin prosesə cəlb olunmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə mədəni irsin qorunması istiqamətində sistemli siyasət həyata keçirilir. “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında mədəni irsin qorunmasına xüsusi yanaşma müəyyənləşdirilib. Konsepsiyada müasir dünya standartlarına uyğun qoruma mexanizmlərinin tətbiqi, bərpa-konservasiya fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də geniş ictimaiyyətin bu prosesə cəlb olunması ilə bağlı sistemli yanaşma öz əksini tapıb. Adil Kərimli 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini abidələrin, o cümlədən məscidlərin ciddi dağıntılara və vandalizmə məruz qaldığını, mədəni mülkiyyətin talan edildiyini diqqətə çatdırıb. Nazir, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkə daxilində, xüsusilə Şuşa və işğaldan azad edilmiş digər ərazilərdə, eləcə də beynəlxalq miqyasda bəşəri irsin qorunması istiqamətində həyata keçirilən layihələri vurğulayıb. Mədəniyyət naziri sürətli urbanizasiya prosesində tarixi binaların və dini abidələrin orijinal görkəminin qorunmasının vacibliyinə də toxunub. O bildirib ki, Mədəniyyət Nazirliyi yanında Ekspert Şurası və aidiyyəti qurumlar tərəfindən elmi-mühəndis yanaşmaları əsasında tarixi irsin müasir infrastruktura inteqrasiyası təmin edilir. Çıxışının sonunda A.Kərimli tarixi-dini irsin qorunmasının cəmiyyətin ümumi məsuliyyəti olduğunu vurğulayaraq aidiyyəti qurumları, alimləri və dini icma nümayəndələrini bu prosesdə fəal iştirak etməyə çağırıb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə çıxışında 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasının sahə üzrə müzakirələrin genişlənməsinə stimul yaratdığını bildirib. O, xüsusilə, tarixi-dini abidələrin qorunması ilə bağlı  qanunvericilik bazasının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Fazil Mustafa qeyd edib ki, hər hansı abidəin qorunması yalnız onların fiziki bərpası ilə məhdudlaşmamalı, tarixi yaddaşın yaşadılması və onların müasir, o cümlədən turizm potensialının üzə çıxarılması da nəzərə alınmalıdır. Qərbi Azərbaycanda dağıdılmış abidələrin böyük əksəriyyətinin tarixi-dini irs nümunələri olduğunu bildirib. Vurğulayıb ki, “Azərbaycan dövlətinin tarixi-dini irsə münasibətində dini mənsubiyyət fərqləndirici meyar deyil. Məscidlər, kilsələr və sinaqoqlar xalqımızın tarixi-mədəni irsinin tərkib hissəsi kimi qorunur.

 Fazil Mustafa tədbirdə səsləndirilən təklif və fikirlərin aidiyyəti qurumlara çatdırılmasının vacib olduğunu da deyib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycanın memarlıq irsinin mühüm hissəsi olan dini memarlıq abidələrinin qorunmasının milli yaddaşın və memarlıq ənənələrinin yaşadılması baxımından əhəmiyyətli olduğunu bildirib. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə toxunan Gülçöhrə Məmmədova bərpa prosesində abidələrin ilkin memarlıq xüsusiyyətlərinin qorunmasının vacib şərt olduğunu diqqətə çatdırıb. O, yerli icmalar tərəfindən bu məqsədlə həyata keçirilən layihələrin mütəxəssislərlə razılaşdırılmasının zəruri olduğunu qeyd edib. Rektor Azərbaycanın tarixi-mədəni irsi barədə məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini də vurğulayıb. Tarixi irsin qorunması sahəsində peşəkar kadrların hazırlanması barədə danışan Gülçöhrə Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universitetində beynəlxalq əməkdaşlıq çərçivəsində müvafiq təhsil proqramlarının həyata keçirildiyini deyib.

Qeyd edək ki, tədbir panel sessiyalarla işini davam etdirir. Panellərdə dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, onların qorunmasında dini icmaların rolu, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin şəhərsalma mühitində əhəmiyyəti müzakirə olunacaq.