“Azərbaycanda multikulturalizm” mövzusunda tədbirlər keçirilib
16 aprel 2016, 01:19
Aprelin 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron rayonunun Pirəkəşkül kəndində “Multikulturalizm dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib. Tədbirdə Abşeron RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları, Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Elməddin Fridov, rayon ağsaqqalları, ziyalıları, Pirəkəşkül kənd orta məktəbinin pedaqoji və şagird kollektivi iştirak ediblər.
Tədbirin əvvəlində işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov “Multikulturalizm ili” çərçivəsində bu cür tədbirlərin silsilə şəkildə davam etdiriləcəyini qeyd edib.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Kəlbizadə “Multikulturalizm milli-mənəvi dəyərlər sistemimizin tərkib hissəsi kimi” mövzusunda çıxış edib.O çıxışında qeyd edib ki, multikulturalizm Azərbaycan xalqının tarixi ənənələrindən irəli gəlməklə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, multukulturalizm xalqımızın həyat tərzidir. Lakin heç bir halda Azərbaycan dövləti hər hansı bölücü və radikal qrupların xalqımızın tolerant dəyərlərindən istifadə etməsinə imkan verməyəcəkdir. Bu gün ölkəmizdə vicdan azadlığı təmin edilmişdir və bu 25 ildir müstəqil olan bir ölkə üçün böyük bir nailiyyətdir.
Şöbənin digər əməkdaşı Şahlar Məmmədov “Radikalizm və milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda çıxış edərək vurğulayıb ki, dünyanın dinlər və məzhəblərarası münaqişələrlə çalxalandığı belə bir dövrdə Azərbaycanın özünün multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir. Ş.Məmmədov Azərbaycanda multikultural həyat tərzinin real nümunələrindən bəhs edib və multikulturalizmin radikalizmin qarşısının alınmasında mühüm vasitə olduğunu bildirib.
Sonda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilmiş ədəbiyyatlar Pirəkəşkül kənd məktəbinin kollektivinə təqdim edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
* * *
Aprelin 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobustan qəsəbəsində yerləşən Milli Qəhrəman Yusif Əliyev adına 195 saylı orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, məktəbin direktoru Allahverdi Məmmədov, qəsəbə ziyalıları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 195 saylı məktəbin direktoru Allahverdi Məmmədov multikultural dəyərlərin əhəmiyyətindən söhbət açaraq bu kimi tədbirlərin şagirdlər üçün vacib olduğunu bildirib.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov Azərbaycanda olan tolerant mühitdən və multikulturalizmin ictimai faydasından söhbət açıb.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev multikulturalizm anlayışı haqqında dinləyicilərə geniş məlumat verib. O bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm dövlət siyasətinə çevrilib və bu siyasət uğurlu şəkildə davam etdirilməkdədir.
Tədbirdə geniş fikir mübadiləsi aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.