Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir
09 avqust 2017, 07:51
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Yevlax rayon Yenicə kənd məscidi dini icması tərəfindən “Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir” layihəsi çərçivəsində “Müsəlman həmrəyliyinin və multikulturalizmin mükəmməl ifadəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Yevlax rayon Yenicə kənd məscidi dini icmasının sədri Tofiq Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov, Fuad Şirinov, eləcə də din xadimləri və gənclər iştrak ediblər.
Yenicə kənd məscidi dini icmasının sədri Tofiq Mustafayev çıxışında dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Ölkəmizdə tarixən dini və məzhəb baxımından heç bir qarşıdurma baş vermədiyini bildirən icma sədri Azərbaycanın həmrəylik və tolerantlıq modelinin dünyaya nümunə olduğunu qeyd edib.
Mövzu ilə bağlı çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov Prezident İlham Əliyevin Sərəncamına əsasən DQİDK-nın dəstəyi ilə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə məlumat verib, dövlətin bütün dini icmaların fəaliyyətinə bərabər şərait yaratdığını qeyd edib. Bununla yanaşı o, tarixin bütün dövrlərində, o cümlədən müasir dövrdə müsəlman dünyasının ehtiyac duyduğu İslam həmrəyliyinin Azərbaycanda tarixən mövcud olduğunu və hazırda da dünyaya uğurla təbliğ edildiyini vurğulayıb.
Daha sonra mövzu ilə bağlı dini icma üzvü Firuz Rəsulov və başqalarının çıxışları dinlənilib.