Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkil etdiyi “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti ilə sentyabrın 7-də Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib.
Görüşdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfərin ölkəmizin ərazi bütövlüyünün bərpası baxımından mühüm tarixi hadisə olduğunu, 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyinin tam bərpa edildiyini bildirib. A. Şirinov Türkiyə, Gürcüstan və İraqdan gələn soydaşlarımızın səfər çərçivəsində Azərbaycanın tarixi və mənəvi mühiti haqqında daha ətraflı məlumat əldə edəcəklərini qeyd edib. Bildirilib ki, nümayəndə heyəti Bakı ilə yanaşı, Ağdam, Şuşa və Xankəndiyə səfər edərək işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri ilə tanış olacaqlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov müxtəlif ölkələrdə yaşayan həmvətənlərlə əlaqələrin gücləndirilməsinə yönəlmiş tədbirlərin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Vətən müharibəsi şəhidi, leytenant Nurlan Nadir oğlu Həsənovun ailəsinin görüşdə iştirakının xaricdən gələn soydaşların təşəbbüsü ilə baş tutduğunu, bunun Qarabağda əldə olunmuş Zəfərin dünya azərbaycanlıları üçün nə qədər yüksək dəyərə malik olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycan İlahiyyat İnstitutunun ölkənin dini-mənəvi mühitinin formalaşdırılması və ixtisaslı kadrların hazırlanmasında rolu barədə danışıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov qeyd edib ki, bu təşəbbüsün əsas məqsədlərindən biri xaricdə yaşayan azərbaycanlı din xadimlərinin Azərbaycanın tarixi, mədəni irsi və müasir dini mühiti ilə daha yaxından tanış olmalarına imkan yaratmaqdır. Fondun icraçı direktoru layihənin yaranma ideyasından danışaraq bildirib ki, ilin əvvəlində İstanbulda keçirilən iftar mərasimi zamanı soydaşlarımız Qarabağa səfər etmək və Azərbaycanın əldə etdiyi tarixi Zəfərin nəticələri ilə yerində tanış olmaq arzularını ifadə ediblər. O diqqətə çatdırıb ki, bu təşəbbüs sonradan daha geniş məzmunlu layihəyə çevrilərək belə bir səfərinin təşkilinə imkan yaradıb. V. Göyüşov vurğulayıb ki, Fond gələcəkdə də xaricdə yaşayan azərbaycanlı din xadimləri ilə əməkdaşlığın genişləndirilməsini, onların ölkəmizdə fəaliyyət göstərən həmkarları ilə qarşılıqlı təcrübə və fikir mübadiləsinin aparılmasını, eləcə də bu istiqamətdə yeni təşəbbüslərin həyata keçirilməsini planlaşdırır.
Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov Türkiyə, Gürcüstan və İraqdan gələn soydaşların səfərinin qarşılıqlı əlaqələrin daha da inkişafına töhfə verəcəyini deyib. M. İsmayılov işğaldan azad edilmiş Qarabağda aparılan bərpa və quruculuq işləri ilə yanaşı, bölgənin dini-mənəvi mühitində baş verən dəyişikliklərin də əhəmiyyət daşıdığını bildirib.
Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov təhsil ocağının fəaliyyət istiqamətlərini əks etdirən təqdimatla çıxış edib. Bildirib ki, institutda bakalavr pilləsi üzrə 326, magistratura pilləsində isə 7 tələbə təhsil alır. İnstitutda təhsil ödənişsiz əsaslarla həyata keçirilir, yemək xərcləri ilə təmin olunur.
Şəhid Nurlan Həsənovun atası Nadir Həsənov şəhid ailələrinə göstərilən ehtirama görə minnətdarlığını ifadə edib. N. Həsənov ailəsinin əslən Şuşadan olduğunu qeyd edərək Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən danışıb.
Sonda din xadimləri Azərbaycanda dini təhsil və dini fəaliyyət sahəsində yaradılmış imkanlarla yaxından tanış olmaqdan məmnunluqlarını ifadə edib, ölkəmizdə bu istiqamətdə həyata keçirilən işləri yüksək qiymətləndiriblər. Onlar “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsinin həmvətənlərimizlə əlaqələrin möhkəmləndirilməsi, milli birlik və həmrəyliyin gücləndirilməsi, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimləri ilə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.