Ağsuda “Multikulturalizm və məzhəblərarası tolerantlıq” mövzusunda maarifləndirici tədbir keçirilib
13 may 2016, 02:28
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mayın 12-də Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının “Dindarların radikal təsirlərdən qorunması”layihəsi çərçivəsində “Multikulturalizm və məzhəblərarası tolerantlıq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, QMİ-nin səlahiyyətli nümayəndəsi, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov, “Hacı Alcan və Hacı Almaxanım” məscidinin axundu Elşən Rəhimli, dini icma üzvləri, rayon ağsaqqalları və gənclər iştirak ediblər.
Çıxışlar zamanı dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etməsi və son dövrlər bu sahədə görülən işlər xüsusilə qeyd olunub. Eyni zamanda çıxış edən natiqlər xüsusilə Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim olunmasını qeyd edərək müxtəlif inancların və məzhəblərin qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olmasını tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.