Ağdaşda “İslam həmrəyliyi və gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib
22 iyun 2017, 07:00
İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Ağdaş rayon Gənclər  və İdman İdarəsinin təşkilatçılığı ilə  “İslam həmrəyliyi və gənclərin radikal təsirlərdən qorunması” mövzusunda Ağdaş Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və ictimaiyyət nümayəndələri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov mövzu ilə bağlı fikirlərini bölüşüb. Azad Gözəlov çıxışında “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib və  bu il baş tutmuş IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyimiz yüksək nəticələr barədə məlumat verib.
 DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev tolerant, multikultural dəyərlərin və İslam həmrəyliyi ideyalarının gənclərə aşılanmasının əhəmiyyətini vurğulayıb. O, radikal düşüncələrin cəmiyyətdə yayılmasına qarşı mübarizənin vacibliyini də qeyd edib. Natiq Əfəndiyev, həmçinin, dini radikalizmi yaradan səbəblər və radikalizmə qarşı mübarizə vasitələri barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən digər natiqlər malik olduğumuz milli-mənəvi dəyərlərimizin təbliğatını genişləndirməyin radikalizmə qarşı mübarizəyə daha çox töhfə verəcəyini bildiriblər.  
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb