Din xadimi Mehman Şəfiyev: “Dövlətimiz milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl siyasət həyata keçirir”
“Hər bir dövlətin möhkəm təməllər üzərində inkişaf etməsi və öz varlığını davam etdirməsi üçün onun milli-mənəvi dəyərlərinin, dilinin, tarixinin və dini irsinin qorunub saxlanılması mühüm əhəmiyyət kəsb edir”. Bu fikirləri Şəki şəhərində "Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər" mövzusunda keçirilən regional konfransda iştirak edən Qəbələ rayon Hacıalılı kənd məscidinin imamı Mehman Şəfiyev bildirib. M. Şəfiyev diqqətə çatdırıb ki, dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizin, ana dilimizin, zəngin tariximizin və dini-mədəni irsimizin qorunması və yaşadılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir.
Din xadiminin sözlərinə görə, dini maarifləndirmə istiqamətində konfransların keçirilməsi din xadimləri tərəfindən böyük rəğbətlə qarşılanır. “Belə təşəbbüslər dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində inkişaf etdiyini və qarşılıqlı etimadın möhkəmləndiyini bir daha nümayiş etdirir. Fürsətdən istifadə edərək, dini-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə dərin minnətdarlığımızı bildiririk”,- deyə M. Şəfiyev əlavə edib.