Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.08.2026 / Xəbərlər

Şəmkirdə din xadimləri üçün “Rəqəmsal dünyada din xadimi” mövzusunda təlim keçirilib

İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəmkir rayonunda fəaliyyət göstərən din xadimləri üçün “Rəqəmsal dünyada din xadimi” mövzusunda təlim təşkil olunub.

Təlimdə çıxış edən Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov rəqəmsal vasitələrin, sosial medianın yaratdığı imkanlar və mövcud çağırışlar barədə ətraflı məlumat verib. O bildirib ki, innovativ həllərin sürətli inkişafı dini biliklərin çatdırılması, maarifləndirmə işi və cəmiyyətlə ünsiyyət formatlarını əhəmiyyətli dərəcədə dəyişib.

M.İsmayılov sosial medianın din xadimlərinə geniş dinləyici kütləsinə operativ çıxış, maarifləndirici materialları daha əlçatan etmə və ictimaiyyətlə interaktiv əlaqə qurma imkanı yaratdığını diqqətə çatdırıb. Bununla yanaşı, yanlış məlumatların yayılması, fikirlərin kontekstdən çıxarılması və etibarsız ədəbiyyatların təsirinin artması kimi risklər də vurğulanıb.

Çıxışda ənənəvi dini fəaliyyətlə onlayn mühitdəki kommunikasiya fərqləri izah olunub. Sosial şəbəkələrdə etik davranış qaydalarına əməl edilməsinin, dürüst platformalara söykənməyin, eləcə də rəqəmsal savadlılığın artırılmasının vacibliyi qeyd edilib, həmçinin sağlam informasiya mühitinin formalaşdırılmasına dair tövsiyələr verilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.