Şəkidə keçirilən konfrans işini yekunlaşdırıb
İyunun 4-də Şəkidə keçirilən “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans işini panel sessiyalarla davam etdirib.
Konfransın “Azərbaycançılıq məfkurəsi: milli birliyin əsası kimi” mövzusuna həsr olunan birinci panel sessiyasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İnklüziv inkişaf şöbəsinin müdiri Elnarə Kərimova moderatorluq edib.
AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa Azərbaycançılıq məfkurəsinin formalaşma mərhələləri, onun milli kimliyin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki rolu barədə təqdimatla çıxış edib. Azərbaycançılıq ideologiyasının XIX əsrin sonlarından başlayaraq milli oyanış, dövlət quruculuğu və müstəqillik mərhələlərindən keçərək müasir dövrdə vahid ideoloji platformaya çevrildiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ənənələrinin qorunması və inkişafındakı xidmətləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu ideologiyanın yeni məzmunla zənginləşdirildiyi diqqətə çatdırılıb.
Azərbaycan İlahiyyat İnstitutunun dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova "Azərbaycançılıq məfkurəsi: Mənəvi köklərdən dövlət siyasətinə" mövzusunda təqdimatla çıxış edib. Məruzəçi azərbaycançılığın tarixi yaddaş və dövlətçilik şüurunu birləşdirən bütöv bir düşüncə modeli olduğunu vurğulayıb. Qeyd olunub ki, XX əsrin əvvəllərində formalaşan dini maarifçilik mühiti milli dirçəlişin əsas hərəkətverici qüvvəsi olub. Bu dövrdə xalqın savadlanması üçün təhsil və dil prioritet götürülüb, dini fanatizm rədd edilərək ictimai həmrəylik ideyası ön plana çəkilib. Maarifçilərin fəaliyyəti sayəsində milli oyanışın mənəvi əsasları yaradılıb, Ümummilli Lider Heydər Əliyev isə bu tarixi ideyaları müstəqil dövlətçilik fəlsəfəsi səviyyəsində sistemləşdirərək müasir dövlət siyasətinə çevirib.
Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz üzrə bölgə qazısı, Şəki şəhəri “Ömər Əfəndi” məscidinin imamı Kamran Məmmədov bildirib ki, azərbaycançılıq məfkurəsi İslam dininin fundamental prinsipləri ilə harmoniya təşkil edir. İslamın mahiyyətindən irəli gələn sülh, bərabərlik və qardaşlıq çağırışları milli ideologiyamızın təməl prinsipləri ilə mükəmməl şəkildə üst-üstə düşür. Ulu Öndər Azərbaycançılığı sadəcə etnik mənsubiyyət deyil, həm də yüksək vətəndaşlıq məsuliyyəti kimi dəyərləndirib. Bununla yanaşı, İslam mədəniyyətində vətən sevgisinin imanın bir parçası olaraq qəbul edilməsi azərbaycançılıq fəlsəfəsinin təşviq etdiyi vətənpərvərlik duyğularını daha da zənginləşdirir və gücləndirir.
Konfransın “Ənənə, din və milli kimlik” mövzusuna həsr edilmiş ikinci panel sessiyasına Bakı İlahiyyat Kollecinin direktoru, İlahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov moderatorluq edib.
“Qloballaşma dövründə milli kimlik və dini-mənəvi dəyərlər” adlı təqdimatla çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev vurğulayıb ki, texnoloji tərəqqinin fiziki sərhədlərini aradan qaldırdıqca, milli-mənəvi sərhədlərin qorunması daha da aktuallaşır. Qeyd edib ki, qloballaşma informasiya əlçatanlığını artırsa da, mədəni identikliyin zəifləməsi, kimlik böhranı və rəqəmsal manipulyasiya kimi təhdidləri də özü ilə gətirir. Onun sözlərinə görə, virtual məkan üzərindən yayılan təsirlər xüsusilə gənclərin mənəvi dünyasına yönəlir. Yaranan mənəvi boşluqların yad ideologiyalar tərəfindən doldurulmaması üçün milli-mənəvi dəyərlər və ailə institutu cəmiyyətin ən etibarlı süzgəcinə çevrilməlidir.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Daşdəmir Mahmandarov məruzəsində din, modernlik, sekulyarlaşma və millət-dövlət anlayışları arasındakı qarşılıqlı əlaqələri sosioloji aspektdən təhlil edib. Çıxışda sekulyarlaşma nəzəriyyələri, dinin ictimai və siyasi sahədəki mövqeyinin transformasiyası, eləcə də modern cəmiyyətdə din və dünyəvi dəyərlər arasındakı münasibətlərə diqqət yetirilib. Həmçinin millət-dövlətin formalaşması ilə dinin ictimai funksiyalarında baş verən dəyişikliklər, kollektiv kimliyin qurulmasında din və millət anlayışlarının rolu müzakirə olunub.
Qəbələ rayonu Hacıalılı kənd məscidinin imamı Mehman Şəfiyev çıxışında qloballaşma şəraitində milli ənənələrin və mədəni irsin qorunub saxlanmasının vacibliyini qeyd edərək, müasirləşmə prosesinin soy-kökdən qopmaq mənasına gəlmədiyini bildirib. Vurğulayıb ki, hazırkı dövrdə radikalizm, xurafat və milli-mənəvi aşınma kimi təhdidlərlə mübarizə zəruridir. Çünki dövlətlərin real gücü təkcə iqtisadi və ya hərbi potensialla deyil, həm də cəmiyyətin mənəvi bütövlüyü ilə ölçülür.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən regional konfransda Zaqatala, Balakən, Qax, Qəbələ, Şəki və Oğuz rayonlarında fəaliyyət göstərən ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.




























