Lerikdə keçirilən konfrans işini yekunlaşdırıb
İyunun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lerik rayonunda “Müasir dövrdə dini təhlükəsizlik və ideoloji təhdidlər” mövzusunda keçirilən regional konfrans işini panel sessiyalarla davam etdirib.
Konfransın “Qloballaşma prosesində din amili” mövzusundakı panel sessiyasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov moderatorluq edib.
Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov çıxışında XXI əsrin qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və mədəniyyətlərarası inteqrasiyanın genişlənməsi ilə xarakterizə olunduğunu bildirib. Qeyd edib ki, bu proseslər cəmiyyətin bütün təbəqələrinə, xüsusilə də gənclərə əhəmiyyətli dərəcədə təsir göstərir. O, vurğulayıb ki, gənclər yeni ideya və fikirlərə açıq olduqları üçün qloballaşmanın təsirlərini daha çox hiss edirlər. Belə bir şəraitdə dini dəyərlərin qorunması, uzlaşdırılması, həmçinin və gənclərin dünyagörüşlərinin formalaşdırılmasında dini institutların üzərinə böyük məsuliyyət düşür.
Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov qloballaşmanın yaratdığı imkan və riskləri şərh edib. O bildirib ki, rəqəmsal texnologiyaların inkişafı, informasiya axınının sürətlənməsi dini maarifləndirmə üçün yeni imkanlar yaratsa da, sosial mediada yayılan dezinformasiya, mədəni homogenləşmə və radikal ideologiyalar dini identiklik üçün ciddi çağırışlar formalaşdırır. Asəf Qənbərov nəzərə çatdırıb ki, Azərbaycanın zəngin tarixi-mədəni irsi, dinlərarası həmrəylik ənənələri və dövlət-din münasibətlərində formalaşmış sağlam model qloballaşmanın mənfi təsirlərinə qarşı güclü müqavimət potensialı yaradır. Təqdimatda rəqəmsal mühitdə dini maarifləndirmənin gücləndirilməsi, gənclərin dini savadlılığının artırılması və milli-mənəvi dəyərlərin müasir kommunikasiya vasitələri ilə təbliğinin əhəmiyyəti ifadə olunub.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev qloballaşma şəraitində dinin qloballaşmanın alternativi deyil, mənəvi dayaqlarından biri olduğunu bildirib. O, vurğulayıb ki, əgər qloballaşma texnologiya və iqtisadiyyat vasitəsilə dünyanı fiziki baxımdan yaxınlaşdırırsa, din ədalət, mərhəmət prinsipləri əsasında insanları mənəvi cəhətdən birləşdirir. İbrahim Quliyev söyləyib ki, texnologiyalar sərhədləri aradan qaldırsa da, etimad, vicdan və sosial məsuliyyət kimi dəyərlərin formalaşmasında mənəvi amillər həlledici rol oynayır.
Konfransın Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovun moderatorluğu ilə keçirilən “İdeoloji çağırışlar kontekstində dini radikalizm” adlı panel sessiyasında mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov rəqəmsal mühitdə gənclərin sosial şəbəkələrdə gündəlik aktivlik səviyyəsi, qlobal miqyasda radikal qruplara qoşularaq ideoloji təsirə məruz qalma göstəriciləri, eləcə də sosial medianın onların psixologiyasına mənfi təsiri haqqında danışıb. Dinin siyasiləşdirilməsini dünyəvi dövlət üçün təhdid kimi qiymətləndirən Nahid Məmmədov siyasi radikalizmin doğurduğu fəsadlardan bəhs edərək bildirib ki, Azərbaycanın əsrlərboyu formalaşmış tolerantlıq, multikulturalizm ənənələri ölkədə müxtəlif din və məzhəblərin nümayəndələrinin qarşılıqlı hörmət, əməkdaşlıq şəraitində yaşamasına imkan yaradıb.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov məzhəbçiliyin ictimai həmrəyliyə və sosial sabitliyə təsiri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, dini biliklərin yetərsizliyi, yanlış məlumatların yayılması, fanatizm və sosial təsirlər məzhəbçiliyi qidalandıran əsas amillərdir. Bu tendensiya cəmiyyətdə parçalanma, dözümsüzlük və qarşıdurma risklərini artırır, xüsusilə gənclərin dünyagörüşünə mənfi təsir göstərir. Onun sözlərinə görə, yalnız ortaq dəyərlər ətrafında birləşən cəmiyyətlər gələcəyə inamla addımlaya bilər.
Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə qazısı, Lənkəran şəhəri Böyük bazar "Cümə" məscidinin imamı Qəni Axundzadə dini radikalizmə qarşı mübarizədə din xadimlərinin rolundan bəhs edib. Radikal qrupların daha çox gənclər arasında təsir dairələrini genişləndirməyə çalışdıqlarını diqqətə çatdırıb. Qəni Axundzadə din xadimlərinin fərdi söhbətlərdə, eləcə də xütbələrdə gəncləri maraqlandıran məsələlərə açıq, ətraflı izah verməli olduqlarını vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən regional konfransda Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad və Lerik rayonlarında fəaliyyət göstərən ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri ictimaiyyət nümayəndələri iştirak ediblər.









