Komitə sədri Biləsuvarda məscidləri ziyarət edib
Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Biləsuvar şəhərində yerləşən "Cümə" və "İmam Zaman" məscidlərini ziyarət edib.
Komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunması, ibadətgahların təmir və bərpası istiqamətində görülən tədbirlərdən danışıb. Bildirib ki, dini qurumlara mütəmadi olaraq dövlət dəstəyinin göstərilməsi Azərbaycanda bütün konfessiyalara qarşı yüksək diqqətin və dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulmasının göstəricisidir.
Ramin Məmmədov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədəki müstəsna xidmətlərini xüsusi vurğulayıb. Milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması, eləcə də dini ibadət yerlərinin bərpasına yönəlmiş layihələrin uğurla davam etdirildiyini deyib. Qeyd edib ki, yeni inşa olunan, həmçinin restavrasiya edilən dini abidələr xalqımızın tarixi irsinə sadiqliyin bariz nümunələridir.
Komitə sədri müasir dövrdə əhalinin maarifləndirilməsində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayaraq, onların dini bilikləri cəmiyyətə doğru şəkildə çatdırmasının vacibliyinə toxunub. Bildirib ki, dini fəaliyyətdə qanunvericiliyin tələblərinə riayət olunması, məzhəb ayrı-seçkiliyinə yol verilməməsi, xurafat və mövhumata qarşı mübarizə aparılması din xadimlərinin əsas vəzifələridir.
Görüşlər zamanı din xadimləri tərəfindən müxtəlif təkliflər səsləndirilib, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.










