Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.06.2026 / Xəbərlər

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə keçirilir

İyunun 8-də İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən növbəti müsahibə prosesi başlayıb. 8-9 iyunda keçiriləcək müsahibədə qadın dini ayinlərin icraçısı, 10-19 iyun tarixlərində isə imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq.

Elan olunan 62 vakant vəzifəyə (18 imam, 31 imam müavini, 9 dini ayinlərin icraçısı-müəzzin, 4 qadın dini ayinlərin icraçısı) 64-ü qadın olmaqla, 230 nəfərin müraciəti qeydiyyata alınıb. Seçimlər mütəxəssislərdən ibarət Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda təşkil olunub.

Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) yerləşdiriləcək. Müsahibədə uğur qazanmış namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər. Qeyd edək ki, hazırda seçimləri aparılan vakant vəzifələrə namizədlərin sənədlərinin qəbulu 26 yanvar – 25 fevral 2026-cı il tarixlərində həyata keçirilib.