Göygöldə keçirilən regional konfrans yekunlaşıb
Oktyabrın 6-da “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda Göygöldə keçirilən regional konfrans işini panel sessiyalarla davam etdirib.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun moderatorluğu ilə təşkil edilən I panel sessiya “Müxtəliflik şəraitində birgəyaşayış və qarşılıqlı hörmət” mövzusuna həsr edilib.
Cəmiyyətin müxtəlifliyi məsələlərinə həsr olunmuş təqdimatla çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov bütün dini etiqadların qanun qarşısında bərabərliyinin və dini məsələlərdə məcburetmənin yolverilməzliyinin sosial həmrəyliyin əsas şərtlərindən olduğunu bildirib. Dini nifrət, ədavət, ekstremizm kimi mənfi hallar üçün qanunvericilikdə ciddi məsuliyyətin nəzərdə tutulduğunu vurğulayan Nahid Məmmədov din xadimlərinin maarifləndirmə işində tolerantlıq dəyərlərini təşviq etmələrinin əhəmiyyətini diqqətə çatdırıb.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev nümayiş etdirdiyi təqdimatla Azərbaycan fəlsəfi və ictimai fikrində birgəyaşayış mədəniyyətinin tarixi, coğrafi və mənəvi əsaslarına toxunub. Qeyd edib ki, dinc-yanaşı yaşamanın davamlılığı yalnız ideoloji çağırışlarla deyil, keçmişin mənəvi dəyərləri və bugünün hüquqi təminatlarının mükəmməl vəhdəti ilə təmin edilə bilər.
Samux şəhəri “Həzrəti Əbülfəzl Abbas Cümə” məscidinin imamı İlham Məmmədov çıxışında Azərbaycanda əsrlərboyu mövcud olan tolerantlıq və qarşılıqlı hörmət ənənələrinin İslam dininin humanist dəyərləri ilə uzlaşdığını deyib. O, həmçinin dövlət tərəfindən dini sahəyə, eləcə də ibadət ocaqlarının təmir, bərpasına hər zaman böyük diqqət və qayğı ilə yanaşıldığını ifadə edib.
“Fərqli inanclar, ortaq dəyərlər: müasir çağırışlar fonunda birgə məsuliyyət” adlı ikinci II panel sessiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadənin moderatorluğu ilə keçirilib.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov təqdimatla çıxış edərək İslam düşüncə tarixində məzhəbçiliklə mübarizə və sosial harmoniya məsələlərini təhlil edib. Bildirib ki, bu sahədə Azərbaycan təcrübəsi bütün dünyaya sübut edir ki, düzgün yanaşma olduqda dini müxtəliflik parçalanmaya deyil, əksinə ictimai mühitdə həmrəyliyə, tolerant və multikultural ənənələrin inkişafına xidmət edir.
Cəmiyyətdə sosial inteqrasiyanın təmin olunmasında din xadimlərinin rolundan danışan Bakı İlahiyyat Kollecinin direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə onların insanlar arasında mənəvi bütövlüyün qorunması, gücləndirilməsi və münaqişələrin qarşısının alınması baxımından əvəzsiz mövqeyə malik olduğunu bildirib. Vurğulayıb ki, din xadimləri bəşəri dəyərləri üstün tutmalı, sülhün, tolerant ənələrin möhkəmlənməsi üçün daim çalışmalıdırlar.
Bakı İlahiyyat Kollecinin müəllimi İlkin Səlimov rəqəmsal dövrdə dini informasiyaya həsr olunan təqdimatında əsas problemin bilgi qıtlığı deyil, məlumatların etibarlılıq dərəcəsi və mənbəyinin dəqiqləşdirilməməsi məsələsini önə çəkib. İ.Səlimov deyib ki, sağlam informasiya mühitinin formalaşması üçün din xadimləri keyfiyyətli və elmi məzmun istehsal etməlidirlər.
Regional konfrans müzakirələrlə yekunlaşıb.


















