Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, tabeliyindəki qurumların kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur. Bu münasibətlə iyunun 22-də Komitə, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu, Bakı İlahiyyat Kollecinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb. Komitənin əsas fəaliyyət istiqamətləri dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyət göstərmək, dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək, dini etiqad sahəsində maarifləndirmə işi aparmaq, dini qurumların dövlət qeydiyyatını həyata keçirmək, öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsində iştirak etmək, dini təyinatlı ədəbiyyatın və materialların ekspertizasının aparmaq, habelə yayılmasına müvafiq nəzarəti həyata keçirməkdir.
Dövlət Komitəsinin tabeliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncam və Fərmanları ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kolleci fəaliyyət göstərir.









