Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.09.2026 / Xəbərlər

Biləsuvarda keçirilən regional konfrans işini yekunlaşdırıb

Biləsuvar rayonunda “Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti” mövzusunda regional konfrans sentyabrın 23-də işini panel sessiyalarla davam etdirib.

“Dinin siyasiləşdirilməsinin ictimai və mənəvi fəsadları” mövzusundakı I panel sessiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilib.

Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov təqdimatında bildirilib ki, din fərdi inanc və vicdani seçim kimi cəmiyyətdə sülh, mərhəmət, həmrəyliyə xidmət edir. Mehman İsmayılov qeyd edib ki, dini inancların və simvolların siyasi məqsədlər, hakimiyyət və ya ictimai səfərbərlik üçün alətə çevrilməsi cəmiyyətdə qütbləşməyə, dözümsüzlüyə və dini etimadın azalmasına gətirib çıxarır. Çıxışda, həmçinin saf dini dəyərlər ilə siyasiləşdirilmiş din anlayışları müqayisəli şəkildə təhlil olunaraq, dinin öz həqiqi mənəvi missiyasından uzaqlaşdırılmasının yolverilməzliyi diqqətə çatdırılıb.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, “Hacı Cavad” məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev çıxışında dinin cəmiyyət həyatındakı mənəvi və əxlaqi roluna toxunub. Bildirib ki, müqəddəs dəyərlərin siyasi maraqlar naminə alətə çevrilməsi dinin dəyərlərinə böyük zərbə vurur. O, dinin siyasiləşdirilməsinin ən böyük fəsadının qütbləşmə yaratması ilə bağlı olduğunu qeyd edərək bu prosesə qarşı mənəvi immunitetin formalaşdırılmasının vacibliyini dilə gətirib. İbrahim Quliyev bu istiqamətdə dini savadlılığın artırılmasını və gənclərə dini biliklərin emosional şüarlarla deyil, elmi metodlarla aşılanmasını əsas həll yolları kimi irəli sürüb.

Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgəsi üzrə qazısı, Salyan şəhəri “Mərkəzi Hacı Tağı” məscidinin imamı Hüsni Həsənov dinin siyasiləşdirilməsinin cəmiyyətdə yaratdığı fəsadlara diqqət çəkib. Bu yanaşmanın parçalanma meyillərinin güclənməsinə, ictimai həmrəyliyi zəifləməsinə, sosial sabitliyə və dayanıqlı inkişafa xələl gətirməsinə zəmin yaratdığını deyib. H.Həsənov dünyəvilik prinsipinin cəmiyyətin ictimai-siyasi həyatında və dövlət-din münasibətlərində əhəmiyyətini də vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlovun moderatorluğu ilə keçirilən “İdeoloji təhdidlərə qarşı mübarizədə din xadimlərinin rolu” adlı II panel sessiyada mövzu ilə bağlı müzakirələr aparılıb.

İnklüziv inkişaf şöbəsinin müdiri Elnarə Kərimova cəmiyyətin milli-mənəvi təhlükəsizliyinin qorunmasında din xadimlərinin rolu və məsuliyyətini vurğulayaraq, radikal ideologiyaların hədəf aldığı əsas istiqamətlərə - qadın hüquqlarının pozulması, məzhəb ayrı-seçkiliyinə, cəmiyyətdə dözümlülük mühitinin və dünyəvi dəyərlərin sarsıdılması cəhdlərinə diqqət çəkib. Çıxışda milli-mənəvi irsimizdən və tariximizdən gələn zəngin birgəyaşayış nümunələrinə də toxunulub. Azərbaycan cəmiyyətinin əsrlərboyu müxtəlif məzhəb və inancların sülh şəraitində yaşadığı unikal məkan olduğu, tarixən qadına verilən yüksək dəyərin, tolerantlığın və dünyəvi dövlətçilik təfəkkürünün milli həmrəyliyimizin təməlini təşkil etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, keçmişimizin bu zəngin təcrübəsinə söykənərək radikalizmə qarşı mübarizə aparmaq ən effektiv yoldur.

Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Kövsər Tağıyev dinin siyasi-ideoloji alətə çevrilməsinin səbəblərini metodoloji aspektdən təhlil edib. Bildirib ki, sözügedən problemin kökündə müqəddəs mətnlərin yanlış oxu metodu dayanır. Bu cür halların müasir dövrdə rəqəmsal platformalar vasitəsilə yayıldığını deyən K.Tağıyev subyektiv şərhlərin mütləq həqiqət kimi təqdim olunmasının təhlükəli olduğunu vurğulayıb. Qeyd edib ki, metodoloji savadlılığın artırılması və koordinasiyalı maarifləndirmə radikallaşma ilə mübarizədə həlledici rol oynayır.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov tədbirdə “Dini şüurdan ideoloji immunitetə: Din xadimlərinin yeni missiyası” mövzusunda məruzə ilə çıxış edib.   Bildirib ki, ideoloji təhdidlərə qarşı davamlı müdafiə yalnız zərərli ideyaları ifşa etməklə məhdudlaşmamalıdır, əsas məqsəd sağlam dini şüurun formalaşdırılmasıdır. O, müasir dövrdə təhdidlərin açıq şüarlardan daha çox dini anlayışların, müqəddəs mətnlərin və mənəvi ehtiyacların manipulyasiyası formasına keçdiyini diqqətə çatdırıb. Q.Səfərov din xadimlərinin dəyişən yeni missiyasına da toxunaraq, maarifləndirmə işinin yalnız ənənəvi mühitlə məhdudlaşmamalı, rəqəmsal məkanda da fəal aparılmalı olduğunu bildirib.

Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarında fəaliyyət göstərən ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirak etdikləri regional konfrans müzakirələrlə yekunlaşıb.