Ağdaşda “Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçirilir
Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdaşda “Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçirilir.
Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Ağdaş şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, “Azərbaycan – sülh və harmoniya məkanı” adlı videoçarx nümayiş etdirilib.
Tədbirdə Dövlət Komitəsinin, Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarında fəaliyyət göstərən ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.
Açılış nitqi ilə çıxış edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə qeyd edib ki, Azərbaycanda dövlət quruculuğu, ictimai-siyasi sabitliyin və dövlət-din münasibətlərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dini dözümlülük və multikulturalizm ənənələrinin qorunması dövlət siyasətinin prioritetləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə 2016-cı ilin "Multikulturalizm", 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması, həmçinin Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bu istiqamətdə atılmış mühüm addımlardır. O.Hüseynzadə müxtəlif din və məzhəblərin nümayəndələrinə göstərilən qayğının dövlətin din siyasətində xüsusi önəm daşıdığını diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, fərqlilik həyatın təbii reallığıdır və güclü cəmiyyət müxtəlif baxışları qarşıdurmaya çevirmədən qarşılıqlı anlaşma şəraitində uzlaşdıra bilməlidir. R.Məmmədov Azərbaycan tarixində bunun kifayət qədər örnəklərinin olduğunu, müxtəlif dini konfessiyaların, məzhəblərin tolerantlıq və vəhdət mühitində birgə yaşamasının xalqımızın tarixi yaddaşında mühüm yer tutduğunu deyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində bu zəngin tarixi təcrübə müasir dövlətçilik dəyərləri ilə tamamlanır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun humanitar sahədə reallaşdırdığı çoxşaxəli təşəbbüslər müxtəlif dini və mədəni irs nümunələrinə ehtiramın, fərqliliklərə həssas münasibətin, ümumbəşəri dəyərlərə bağlılığın ifadəsidir.
Ramin Məmmədov vurğulayıb ki, Vətənə sədaqət, ortaq tarix və yaddaş, milli həmrəylik və ümumi gələcəyə inam Azərbaycan cəmiyyətini birləşdirən əsas dəyərlərdir. 44 günlük Vətən müharibəsi müxtəlif dini konfessiya və məzhəblərə mənsub insanların vahid amal ətrafında birləşməsinin parlaq nümunəsi, cəmiyyətimizin dərin qatlarında təşəkkül tapmış milli həmrəyliyin, Vətənə bağlılığın və dövlətçilik şüurunun real təzahürüdür. Bu prinsipin yaşadılmasında din xadimlərinin üzərinə düşən məsuliyyətə də toxunan Komitə sədri onların söylədikləri fikirlərin insanların dünyagörüşünün və dini icmalardakı mənəvi mühitin yaranmasında önəmli rol oynadığını, bu baxımdan din xadimlərinin fəaliyyətində birləşdirici və məsuliyyətli yanaşmanın vacibliyini qeyd edib.
Həmçinin müasir informasiya mühitində gənclərin dini məlumatları etibarlı mənbələrdən əldə etmələrinin, radikal və kənar ideoloji təsirləri düzgün qiymətləndirmək rəqəmsal bacarığının gücləndirilməsinin mühüm vəzifələrdən olduğunu deyib.
Azərbaycan Respublikasının Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ Zəfərinin əldə olunmasında xalq-iqtidar birliyinin, Azərbaycan xalqının milli ruhunu və Ordunun gücünü əsas amillər kimi qeyd etdiyini bildirib. Vurğulayıb ki, həmrəylik Azərbaycan xalqının ən dəyərli sərvətidir və Vətən müharibəsində qazanılan Qələbə məhz bunun nəticəsidir. Məzhəb ayrı-seçkiliyinin milli birliyə qarşı təhdidlərindən də bəhs edən deputat xüsusilə sosial media alqoritmlərinin radikal və emosional fikirlərin daha sürətlə yayılmasına şərait yaratmasından, bunun da gənc nəslin dünyagörüşünə ciddi təsir göstərməsindən danışıb. Onun sözlərinə görə, gənclər üçün ənənəvi nüfuz sahiblərindən daha çox, sosial media alqoritmlərinin önə çıxardığı təsadüfi şəxslər daha böyük təsir gücünə malikdir.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev dövlət-din münasibətlərinin inkişaf etməsində, eləcə də müxtəlif konfessiya və məzhəb nümayəndələrinin fəaliyyətinin düzgün təşkilində regional konfransların əhəmiyyətini qeyd edib. O, ilahiyyatçıların və sahə üzrə mütəxəssislərin maarifləndirmə işini gücləndirməsinin, İslam irsinin düzgün təbliğinin cəmiyyət üçün xüsusi önəm daşıdığını bildirib. Dini maarifləndirmə tədbirlərinin tolerantlıq və qarşılıqlı hörmət mühitinin möhkəmlənməsinə töhfə verdiyini deyən deputat, milli-mənəvi dəyərlərin ictimaiyyətə aşılanması istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Tədbir işini “Azərbaycan birgəyaşayış nümunəsi kimi: tarixi ənənələr və müasir çağırışlar”, eləcə də “Məzhəbçilik zəminində radikallaşma: risklər və mübarizə yolları” mövzuları üzrə panel müzakirələrlə davam etdirir.














