Ucarda “İbadət ocaqları: dini və mədəni irsin qovşağında” mövzusunda seminar keçirilib
Avqustun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran regional bölməsi və Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “İbadət ocaqları: dini və mədəni irsin qovşağında” mövzusunda seminar keçirilib.
Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidində təşkil olunan tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Rauf Nəsirov, Çiyni kənd “Hacı Ağamirzə” məscidinin dini icma sədri və imamı Zaur Eyvazov, Ucar şəhəri “Cami” məscidinin imamı Rövşən İsmayılzadə, eləcə də digər din xadimləri, dini icma üzvləri və dindarlar iştirak ediblər.
Çıxışlar zamanı tədbirin əhəmiyyəti vurğulanaraq, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğu və milli-mənəvi dəyərlərin qorunmasına dövlət tərəfindən göstərilən qayğı xüsusi qeyd olunub. İbadət ocaqlarının yalnız dini ayinlərin icra edildiyi məkanlar olmadığı, həm də xalqımızın çoxəsrlik şəhərsalma mədəniyyətini, qədim memarlıq ənənələrini və tarixi yaddaşını yaşadan mühüm mədəni irs nümunələri olduğu diqqətə çatdırılıb.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən seminarda dini abidələrin tarixi simasının qorunması, gənclərə tanıdılması və gələcək nəsillərə ötürülməsinin vacibliyi izah edilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən bərpa edilən və yenidən inşa olunan tarixi-dini abidələrin böyük əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.