Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.09.2026 / Bölgə xəbərləri

Qusar və Sabirabadda maarifləndirmə tədbirləri keçirilib

Sentyabrın 7-də Qusar rayonunda “Azərbaycan – sülh və tolerantlıq məkanı” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri vəzifəsini müvəqqəti icra edən Fərid Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Rayon Polis Şöbəsinin əməkdaşı Ülviyyə Çingizzadə, eləcə də mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirin əsas məqsədinin Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələrinin, müxtəlif dini və etnik qruplar arasında qarşılıqlı hörmət və həmrəyliyin təbliği, ölkəmizin sülh və multikulturalizm məkanı kimi beynəlxalq və regional əhəmiyyətinin diqqətə çatdırılması olduğu bildirilib. Çıxışlarda Azərbaycanda dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimləndiyi, müxtəlif dini konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində fəaliyyət göstərdiyi qeyd olunub. Tolerantlıq və dini dözümlülüyün Azərbaycan cəmiyyətinin mühüm mənəvi dəyərlərindən olduğu vurğulanıb.
Sentyabrın 7-də Sabirabad rayonunda “Radikalizm və ekstremizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin əməkdaşı Cəfərsadiq Cəfərli, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda dini icmaların və din xadimlərinin sağlam dini dəyərlərin təbliği, milli-mənəvi dəyərlərin qorunması, dini həmrəyliyin möhkəmləndirilməsi, eləcə də radikalizm və ekstremizm meyillərinin qarşısının alınmasında mühüm rol oynadığı bildirilib. Yad dini ideologiyaların təsirindən qorunmağın, dini maarifləndirmə fəaliyyətinin gücləndirilməsinin və xüsusilə gənclər arasında düzgün dini biliklərin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.