Qazaxda “İbadət ocaqları: dini və mədəni irsin qovşağında” mövzusu müzakirə olunub
İyulun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsi və Qazax şəhər “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “İbadət ocaqları: dini və mədəni irsin qovşağında” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin əməkdaşı Eşqin Allahverənov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İlham Süleymanov, eləcə də dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışçılar ibadət ocaqlarının yalnız dini ayinlərin icra edildiyi məkanlar olmadığını, həm də xalqımızın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərini yaşadan mühüm irs nümunələri olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, məscidlər, kilsələr, sinaqoqlar və digər ibadət yerləri memarlıq abidələri kimi qorunmaqla yanaşı, cəmiyyətimizdəki tolerantlığın, müxtəlif mədəniyyətlərə hörmətin və dinc birgəyaşayışın əsas simvollarındandır. Bu mənəvi və tarixi sərvətlərin mühafizə edilərək gələcək nəsillərə ötürülməsinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Tədbir mövzu ətrafında aparılan geniş müzakirələrlə yekunlaşıb.

