Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.10.2026 / Bölgə xəbərləri

Bölgələrdə maarifləndirici tədbirlər davam etdirilir

Respublikamızın bölgələrində dini radikalizmin fəsadları, milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin təbliği və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici tədbirlər keçirilib.
Oktyabrın 21-də Yevlax şəhərində “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda tədbir baş tutub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Rayon Gənclər və İdman Sektorunun müdiri Samir Kərimov, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda dini fanatizm və radikalizmin cəmiyyətin sabitliyinə, ailə institutuna və gənclərin gələcəyinə mənfi təsirləri diqqətə çatdırılıb. Bildirilib ki, dini radikalizm və ekstremizm müasir dövrün qlobal problemlərindən biri olmaqla, dözümsüzlüyün təşviqi və zorakılığa meyillərin formalaşması ilə müşayiət olunur. Bu baxımdan gənclərin maarifləndirilməsi, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin təşviqi mühüm əhəmiyyət daşıyır.
Oktyabrın 22-də Quba rayonu İspik kənd tam orta məktəbində “Milli dəyərlərin və dövlətçilik ənənələrinin təcəssümü-üçrəngli bayraq” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, müəllimlər, gənclər və şagirdlər iştirak ediblər.
Çıxışlarda Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi, milli kimliyimizin, müstəqilliyimizin və dövlətçilik ənənələrimizin rəmzi kimi əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, üçrəngli bayrağımız xalqımızın azadlıq iradəsini, milli-mənəvi dəyərlərini və müstəqil dövlətçilik ideallarını təcəssüm etdirir.

Oktyabrın 23-də Samux rayonunda “Dinin təhrif olunmasının nəticələri:fanatizm və radikalizm” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Rövşən Hacıyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Emin Şəmmədov, rayon Gənclər və İdman Sektorunun müdiri Rasim İmamquliyev və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı fanatizm və radikalizmin mahiyyətindən bəhs olunaraq, onların cəmiyyətin iqtisadi, sosial və mədəni inkişafına ciddi maneə törətdiyi diqqətə çatdırılıb. Müasir dövrdə dini radikalizmə, ekstremizmə qarşı mübarizədə maarifləndirmənin əsas silah olduğu vurğulanıb.