İraqlı din xadimi: "Azərbaycandakı dəyişiklikləri görmək bizi çox sevindirdi"
“İraq qrupunda beş nəfərik. Azərbaycana gəldiyimiz üçün çox xoşbəxt olduq. Şəhidlər xiyabanını ziyarət etdik, şəhidlərimizin ruhuna Fatihə oxuduq. Bu, bizim üçün çox qürurverici və təsirli oldu”.
Bu sözləri İraqdan gələn din xadimi Yahya Qahtan Mahmod söyləyib.
Azərbaycana ilk dəfə gəldiyini diqqətə çatdıran din xadimi əlavə edib: "Dostlarımız bizi çox yaxşı qarşıladılar. Burada keçirdiyimiz hər gün bizim üçün çox maraqlı və xoş keçir. Qarşıdakı günlərdə Azərbaycanın başqa yerlərini də ziyarət edər, müxtəlif məkanları görərik.
Qarabağın tarixini eşitdikdən və onun azad olunması haqqında məlumat aldıqdan sonra biz də çox sevindik. Xüsusilə 2020-ci ildən sonra Azərbaycanda baş verən dəyişiklikləri görmək bizi çox sevindirdi. Hər şeyin öz yoluna düşdüyünü görürük. Azərbaycanı çox bəyəndik və burada olmaqdan çox şadıq".
Azərbaycana gəlməkdə əsas məqsədləri barədə danışan din xadimi deyib: “Səfərin əsas məqsədi Türk dünyasını, milli, ictimai və sosial sahələrdə görülən işləri daha yaxından tanımaq, qardaşlarımızla görüşmək, digər dövlətlərin nümayəndələri ilə tanış olmaq və qarşılıqlı əlaqələrimizi daha da gücləndirməkdir. Bu səfər bizim üçün çox dəyərlidir”.
AZƏRTAC