Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.04.2016 / Multikulturalizm ili

Göygöldə almanların tarixi irsi qorunur

 Ölkəmizin dilbər guşələrindən olan Göygöl rayonu tarixən beynəlmiləl rayon olub. Uzun illər burada müxtəlif millətlərin nümayəndələri mehriban şəraitdə yaşamış, bir-birinin xeyrində və şərində iştirak etmişlər.
Rayon mərkəzinə daxil olanda ilk baxışdan diqqəti cəlb edən səliqə ilə, yan-yana düzülmüş evlər görünür. Bir-birinə paralel şəkildə salınmış bu küçələrdəki evlərin hamısı eyni görkəmdədir. Dam örtüklərinin, eləcə də binaların fasad hissəsinin eyni ornamentlərlə bəzədilməsi bu küçələrə xüsusi yaraşıq verir. Söhbət zamanı rayon ağsaqqalı Fikrət İsmayılov dedi ki, bu binaları almanlar inşa ediblər. Təxminən 200 yaşı olan həmin evlər qəzalı vəziyyətə düşmüşdü. Son illər rayonda aparılan abadlıq və yenidənqurma işləri zamanı onların bərpası da gündəmə gəldi və qısa vaxt ərzində şəhərdəki bütün alman evləri ilkin görkəmi saxlanılmaqla əsaslı şəkildə təmir edildi. Küçələrin infrastrukturu yeniləndi. Qaz, işıq, su, kanalizasiya sistemləri qaydaya salındı.
 
Yadigarlar qayğı ilə qorunur
 
Almanların bu əraziyə köçmələrinin maraqlı tarixi var. Belə ki, 1818-ci ildə almanlar Vütenberq knyazlığından mühacir kimi bura köçürülərək onlar üçün ayrılan ərazilərdə yerləşdiriliblər. Qısa vaxtda 124 ailə Helenendorf (indi Göygöl) şəhərində 6 küçə salmış və bu küçələrdə 600-ə qədər ev tikmişdir. Onlar burada maldarlıqla, əkinçilik və üzümçülüklə məşğul olublar. 1860-cı ildə Fohrer qardaşları şərabçılıq zavodu yaradıblar. 1870-ci ildə bu müəssisə “Kristofer Fohrer və oğlanları” adını daşıyıb. Bundan sonra qardaşlar pivə zavodu inşa ediblər. Zavodda bir neçə çeşiddə alkoqollu içkilər istehsal olunub. 1912-ci ildə Fohrer qardaşları dəyirman, Gəncə çayı üzərində 4 mərtəbəli su dəyirmanı tikdiriblər. 13 kilometr məsafədən, Köşkü kəndi ilə Üçbulaq kəndi arasında yerləşən meşədəki bulaqlardan şəhərə su çəkdiriblər. Ən nəhayət, bölgədə ilk su elektrik stansiyası tikdiriblər ki, bununla da burada sənaye inkişaf etməyə başlayıb. 
Qeyd edək ki, almanlar burada məskunlaşdıqları müddət ərzində yerli əhali ilə mehriban ünsiyyət qurmuş, qəsəbədə müxtəlif infrastruktur layihələri həyata keçirmişlər. Öz dini inanclarını qoruyub saxlayan almanlar qəsəbədə kilsə də inşa etdiriblər ki, hazırda xalq arasında Lüteran kilsəsi kimi tanınır. 1854-cü ildə tikilən kilsə əsaslı təmirdən sonra tarix diyarşünaslıq müzeyi kimi fəaliyyət göstərir. Muzeyin 2000-dən artıq eksponatı var. Muzeyin ekspozisiyası qədim zamanlardan indiyədək Göygöl rayonunun tarixini və milli mentalitetini əks etdirir. Muzey 6 salondan ibarətdir. Bu salonlarda 456 məişət əşyası, tarixi əks etdirən 190 şəkil, 236 sənəd, 85 ədəd müxtəlif eksponat nümayiş etdirilir. 
Muzeydə almanlarla bağlı xüsusi bölmə də yaradılmışdır ki, həmin bölmədə turistlər rayonun tarixi haqqında ətraflı məlumat əldə edə bilirlər. Qeyd edək ki, Göygölə gələn xarici turistlərin çox hissəsi vaxtilə burada yaşayan almanların nəvə-nəticələridir. Onlar babalarının qəbirlərini ziyarət etdikdən sonra muzeydə doğmalarının yaşayış tərzindən xəbər verən ev əşyaları ilə tanış olurlar.
Viktor Klaynın evində muzey yaradıldı
 
Viktor Klayn Göygöldə yaşayan sonuncu alman olub. O, 1935-ci ildə Helenendorfda anadan olub. 2007-ci ildə 72 yaşında vəfat edib. Ata-babalarından miras qalmış ev və məişət əşyalarını satın almaq istəyənlər olsa da, Viktor onların heç birini satmayıb. Hazırda həmin əşyalar mənzildədir və rayon rəhbərliyi tərəfindən qorunur. Keçən il mənzil əsaslı şəkildə təmir olunaraq “Sonuncu alman Viktor Klaynın ev muzeyi” kimi fəaliyyətə başlayıb. Mənzil rayonun turizm marşrutuna salınmışdır.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov söhbət zamanı dedi ki, rayonda alman ailələrinin izi olan hər bir tikiliyə hörmətlə yanaşılır. Məsələn, mərkəzi küçələrdən birinə şəhərin təməlini qoyan Hummel qardaşlarının adı verilib. Onların vaxtilə inşa etdirdikləri bütün tikintilər bərpa edilərək əvvəlki görkəminə salınıb. Lüteran kilsəsi əsaslı şəkildə təmir olunub. Vaxtilə almanların yaşadıqları evlər əvvəlki görkəminə qaytarılıb. Bütün bunlar isə Azərbaycan-alman dostluğuna xidmət etməklə yanaşı, Azərbaycan xalqının tarixən bütün millətlərə qarşı göstərdiyi səmimiyyət və tolerantlıq nümunəsidir. Göygölün yaranma tarixinə həsr olunan “Şəhər günü”nün keçirilməsi isə dediklərimizin əyani sübutudur. 2005-ci ildən bəri qeyd olunan “Şəhər günü”nün keçirilməsi artıq ənənəyə çevrilib. Bu tədbirlərə vaxtilə şəhərin təməlini qoymuş almanların varisləri də dəvət edilir və onlar dədə-babalarının ikinci vətəni olmuş Göygöldə alman tarixinə hörmət və ehtiramı görür, azərbaycanlıların necə tolerant millət olduqlarının şahidi olurlar.
 
“Şəhər günü” almaniyalı qonaqlara unudulmaz anlar yaşadır
 
Göygöl şəhərinin yaranmasının ildönümü ilə bağlı keçirilən “Şəhər günü” istər yerli əhaliyə, istərsə də almaniyalı qonaqlara unudulmaz anlar yaşadır. “Şəhər günü” münasibətilə Azərbaycanda səfərdə olan Almaniyanın Baden-Vürtemberq Federal Torpağının Baş naziri Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyəti şəhərlə tanışlıqdan sonra almanların vaxtilə yaşadıqları Hummel küçəsindəki mədəniyyət və istirahət parkında ağsaqqallarla görüşüb söhbət etmiş, dədə-babalarının həyat tərzi ilə bağlı xatirələri dinləmişdir. Sonra qonaqların iştirakı ilə böyük bayram tədbiri keçirilmişdir. Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina, tarixçi alim, Azərbaycanda alman koloniyalarının tarixini araşdıran Yeva Mariya Aveh çıxış edərək ölkəmizdə mövcud olan tolerantlıq mühitinin bütün xalqlara nümunə olması barədə fikirlər səsləndirmiş, buna görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Almaniyanın Baden-Vürtemberq Federal Torpağının Baş naziri Günter Oettinger isə çıxışında iki ölkə arasında yaranmış dostluq əlaqələrindən, parlamentlərdəki Almaniya-Azərbaycan dostluq qrupunun səmərəli fəaliyyətindən, eləcə də əsl beynəlmiləl ölkə olan Azərbaycanda bütün millətlər üçün yaradılan bərabərhüquqlu şəraitdən danışmış, bunları öz gözləri ilə görüb, şahidi olduğunu vurğulamışdır. Sonra Göygölun və Almaniyanın musiqi kollektivləri maraqlı proqramla çıxış etmişlər.
Göründüyü kimi, Azərbaycanda milli və dini azlıqlara, onların maddi-mədəni irsinə hörmətlə yanaşılır. Hazırda dünyanın bir çox bölgəsində azsaylı xalqların əzildiyi, cəmiyyətdən təcrid olunduğu bir vaxtda Azərbaycanda nəinki bu millətlərə, eləcə də onların qoyub getdikləri irsə qayğı göstərilir. 200 il əvvəl Göygöldə yaşamış almanlara məxsus abidələrin bərpası və qorunması da buna misal ola bilər.


“Azərbaycan” qəzeti