Astarada "Multikulturalizm Azərbaycanda həyat tərzidir" mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi və Astara rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına Astara şəhəri 1 nömrəli orta məktəbdə "Multikulturalizm Azərbaycanda həyat tərzidir" mövzusunda tədbir keçirilib. Tədbirdə Astara rayon Təhsil Şöbəsinin metodisti Adil Rzayev, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Astara şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova, müəllim və şagirdlər iştirak ediblər. İlk öncə Azərbaycandakı müxtəlif xalqların və dinlərin nümayəndələrinin yaşadıqları multikultural həyat tərzindən bəhs edən video-çarx nümayiş etdirilib. Rayon Təhsil Şöbəsinin metodisti Adil Rzayev tədbiri giriş sözü ilə açaraq Azərbaycanda multikultural ənənələrin və tolerantlığın tarixi köklərindən danışıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov çıxış edərək 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin heç də təsadüfi olmadığını bildirib. H. Gülməmmədov qeyd edib ki, Azərbaycan dünyanın ən tolerant və sabit ölkəsidir.
Daha sonra çıxış edən Astara şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova gənclərin dini radikal təsirlərdən qorunmaları üçün Azərbaycan multikulturalizminin region gəncləri arasında daha dərindən mənimsənilməsinin zəruri olduğunu vurğulayıb.
Çıxışlardan sonra məktəbin şagirdləri tərəfindən ingilis və talış dillərində müxtəlif xalqlar haqqında şeirlər oxunub, rus və ləzgi rəqsləri ifa edilib. C.Məmmədquluzadənin "Anamın kitabı" əsərindən kiçik səhnəcik göstərilib.


.jpg)